Gürcü teatrı ilə hər görüş teatrsevərlər üçün xoş ünsiyyət, sürpriz dolu görüşdür. Fərqi yoxdur, səhnədə faciə oynanılır, ya məzhəkə. Salondakıların yaşı da elə bir əhəmiyyət daşımır: aktyor bütün istedadını, bacarığını, səhnə məlahətini səfərbər edib sənət cazibəsini səhnədən salona ötürəcək... 
   1998-ci ildə Tbilisinin əsasən uşaq və yeniyetmələr üçün tamaşa hazırlayan iki teatrı - gürcü və rus gənc tamaşaçılar teatrları birləşərək N.Dumbadze adına Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrı kimi fəaliyyət göstərməyə başladı. Təəssüf ki, bir-birimizə bu qədər yaxın olduğumuz halda teatrlarımızın çağdaş durumundan xəbərsizik. Düzdür, ötən il II «Üç məkan» Şəki Beynəlxalq Teatr Festivalında teatrın C.Rossininin «Sevilya bərbəri» operası əsasında hazırladığı kukla tamaşasına baxmışdıq. Amma canlı aktyor oyunu başqa, kukla tamaşası bir başqa. 
   Nəhayət, bu il yaradıcılıq müqaviləsi əsasında bizimkilər - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Tbilisidə çıxış etdi, Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı da Bakıda. Mayın 20-21-də qonaqlarımız Larisa Titova və Aleksandr Starotorjskinin «Kral inəyi» tamaşasını rus dilində Bakı tamaşaçılarına təqdim etdilər. 
   Səhnə əsərinin quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Giya Marqaniyadır. Tamaşadan sonra öyrənəcəyik ki, "Kral inəyi" teatrın həm gürcü, həm də rusdilli truppasının repertuarına daxildir. Hələliksə, tamaşaya baxırıq. 
   * * *
   Adətən, bizim teatrlarda uşaq tamaşalarına valideynlər övladlarını gətirir, özləri isə teatrın qarşısında onları gözləyirlər. Bunun əsasən iki səbəbi olur: ya valideynlər düşünürlər ki, uşaq tamaşasının onları maraqlandıra biləcəyi yaşı keçiblər, ya da özlərinə bilet almağa qıymırlar. Amma bu dəfə belə olmadı. Salonda uşaq qədər valideyn olmasa da, hər halda böyüklər az deyildi. Nəhayət, pərdə açıldı. 
   ...Qəşəng, amma qəmgin Şahzadə Anna (Tamara Tsikvitinidze) düz ortada əyləşib ifadəsiz baxışlarını salona dikib. Nağıllar üçün xarakterik bir situasiya: şahzadə qız darıxır, əcnəbi şahzadə oğlan ilə evlilik ehtimalı da onu sevindirmir, əksinə, daha da kədərləndirir. Saray adamları - fröylin Sigizmunda (Nino Mumladze), Mühafizəçi (Edmon Qabedava), Müşavir (Nikolay Doni), Aşbaz (Aleksey Lobov) heç cür Annanın kefini aça bilmirlər. Amma birdən-birə elə bir şey baş verir ki, saray bağında hər kəsin ovqatı dəyişir. 
   Bağa danışan, lap əsl xanım kimi libas geyinən Zorka inək (Anna Lejava) təşrif buyurur. Özü də Zorka təkcə danışmağı bacarmır. O, şahzadəni əyləndirir, Mühafizəçinin Sigizmundaya qovuşmasından ötrü hər şey edir, öz çobanı Filimonu (Den Xlıbov) əsilzadə kimi Krala (Sergey Şvedkov) təqdim edir, Annanı uzaqlardan gələn yalançı Şahzadəyə (Levan Qvazava) ərə getmək məcburiyyətindən qurtarır. Hətta onu “Kral inəyi” adlandırıb qızıl buynuz taxır, quyruğuna qızılı lent bağlayırlar. 
   Bütün nağıllar kimi "Kral inəyi" də xoş sonluqla - Anna ilə Filimonun qovuşması ilə başa çatır. Sigizmunda da Mühafizəçinin məhz gözlədiyi insan olduğuna inanıb onun sevgisini qəbul edir. Təbii ki, bunda Zorkanın əməyi, düşünüb qurduğu xoşniyyətli əməllərin həyata keçməsi böyük rol oynayır.
   Tamaşa nə ilə yadda qaldı? Təbii ki, bir-birinə sıx bağlı olan epizodlar, tamaşaçını "sonra nə olacaq?" sualı ilə davamlı intizarda saxlayan maraqlı mətn və təbii ki, aktyor heyətinin, xüsusilə Zorka ilə Sigizmunda rollarını oynayan aktrisaların var gücü və istedadı ilə oynaması... 
   * * * 
   Tamaşadan sonra səhnə arxasına keçib qonaqlarla görüşürük. Ötənilki Şəki festivalından dostlaşdığımız teatrın layihə meneceri Sofiko Dekanozaşvili bizi icraçı direktor Tamara Lortkipanidze, bədii rəhbər Dmitri Xvtisiaşvili, tamaşanın quruluşçu rejissoru Quram Breqadze ilə tanış edir. Tamara xanım bəri başdan şərt kəsir ki, tamaşa və teatr barədə bədii heyət daha yaxşı danışa bilər. Beləcə, ilk müsahibimiz Quram Breqadzedir:
   - Bu tamaşa Titova-Starotorjski ailə cütlüyünün pyesi əsasında hazırlanıb. Mən hələ Moskvada işləyərkən belə bir ideya yarandı ki, "Kral inəyi"ni Tbilisidə hazırlayaq. Bu əsərdə maraqlı cəhət odur ki, həm uşaqlar əylənirlər, həm də valideynlər onu bəyənirlər. Fərqli zümrədən olan gənclərin məhəbbət xətti paralel cərəyan etdiyi üçün hər yaşda seyrçi tamaşaya sonadək baxır. 
   - Tamaşa çoxdan repertuardadır? 
   - Dördüncü mövsümdür ki, "Kral inəyi" səhnədədir. Tamaşa həm rus, həm də gürcü dilində oynanılır. Gürcü dilində gedən tamaşa artıq 150 dəfə göstərilib. Tbilisidəki uğuruna baxmayaraq, "Kral inəyi" ilk dəfə, qastrola çıxıb. 
   - Qastrol demişkən, uzun illərdir ki, bölgənin uşaq və gənclər üçün tamaşalar qoyan iki qocaman teatrı bir-birini tanımırdı... 
   - Nəhayət ki, sizin Gənc Tamaşaçılar Teatrı bu il Tbilisiyə gəldi və biz tanış olduq. Yaxşı olar ki, bu suala Dmitri cavab versin... 
   Dmitri Xvtisiaşvili: 
   - Başlanğıc çox yaxşıdır. Biz "Dəcəl keçi"ni qonaq qəbul etdik, siz də "Kral inəyi"ni (gülür). Uşaq tamaşaları ilə münasibət qurmağın gələcəyi həmişə uğurludur. "Kral inəyi" bizim ən çox kassa yığımı gətirən tamaşalarımızdandır. O ki, qaldı Azərbaycan və Gürcüstan gənc tamaşaçılar teatrlarının yaradıcılıq münasibətinə, bu, mütləq olmalıdır! Teatr ənənələri olan ölkələrin yaradıcı kollektivləri bir-birindən bəhrələnməlidir. Bunsuz teatr prosesi, inkişaf mümkün deyil. 
   * * *
   Gürcü teatrı "Kral inəyi"ni Bakıda 4 dəfə oynadı. Qastrol səfərinin bağlanışında Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov və baş rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək qonaqlara təşəkkür etdilər, iki teatr arasında yaradıcılıq əlaqələrinin möhkəmlənəcəyini söylədilər. Qonaq kollektivə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu, suvenirlər, hədiyyələr təqdim edildi. 
   Gürcü teatrının direktoru Tamara Lortkipanidze və bədii rəhbəri, professor Dmitri Xvtisiaşvili çıxış edərək Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və bütün tamaşaçılara isti münasibətə görə minnətdarlıq etdilər. 
   
   G.Mirməmməd