“Hollivudun Gənc Aktyorlar Mükafatı”nı qazanmış Timur Oduşevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı təqdim edildi
Xəbər verdiyimiz kimi, bu il Amerika Kino Akademiyasının “Oskar” mükafatına “Ən yaxşı xarici film” nominasiyasına iddialı olan “Sahə” bədii filmi, nominantlar arasına düşməsə də, okeanın o tayından əliboş qayıtmayıb. Azərbaycan filmi Amerika Kino Akademiyasının üzvləri və jurnalistlər tərəfindən maraqla qarşılanıb və ekran əsərində əsas rollardan birini ifa edən Timur Oduşev “Hollivudun Gənc Aktyorlar Mükafatı”na (“Hollywood Young Artists Award”) layiq görülüb.
“Hollivudun Gənc Aktyorlar Mükafatı” Amerika film sənayesində gənc aktyorlara verilən ən yüksək mükafat hesab edilir. Mükafat bu il 32-ci dəfə təqdim olunub. Drü Berrimor, Bred Pit, Leonardo Di Kaprio kimi məşhur aktyorlar vaxtilə bu mükafatla təltif olunublar. Beləliklə, dünya kino ulduzlarının layiq görüldüyü bu mükafatı Timur Oduşev Azərbaycana gətirdi. Azərbaycanlı Timur Oduşev bu yüksək mükafata “Best Performance” (“Ən yaxşı ifa”) nominasiyasında fərqləndiyinə görə layiq görülüb. Martın 13-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilmiş mərasimdə mükafat Timur Oduşevə təqdim edilib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Paşa Bank”ın köməkliyi ilə ərsəyə gələn “Sahə” filmi Azərbaycanın “Nərimanfilm”, Gürcüstanın “Qruziyafilm” və “Bagirafilm” kinostudiyalarının birgə istehsalıdır. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa edib. Timur Oduşev ekran əsərində baş qəhrəman Qəribin uşaqlığını canlandırıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.
Martın 30-da Mədəniyyət və Turizm Nazirliyində gənc aktyor Timur Oduşev və “Sahə” bədii filminin yaradıcı kollektivi ilə görüş keçirildi. Görüşdə nazir Əbülfəs Qarayev, Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, şöbənin Filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə, “Sahə” filminin rejissoru İlqar Safat, ekran əsərinin prodüseri Nəriman Məmmədov və gənc aktyor Timur Oduşev iştirak edirdilər.
Mədəniyyət və turizm naziri “Hollivudun Gənc Aktyorlar Mükafatı”nın film sənayesində gənc aktyorlara verilən ən yüksək mükafat hesab olunduğunu bildirdi. O, Timur Oduşevi “Hollywood Young Artists Award” müsabiqəsində birinci yeri qazandığına görə təbrik edərək ona Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim etdi. Ə.Qarayev bu uğuru Azərbaycanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirdi. Bildirdi ki, Timur Oduşevin oynadığı rolun beynəlxalq kino aləmində belə yüksək qiymətləndirilməsi yeniyetmə aktyorun peşəkarlığından xəbər verir: “Uşaq və yeniyetmə rolunu oynamaq xüsusi istedad tələb edir. Bu, Timurun ilk roludur, mən inanıram ki, onu daha böyük uğurlar gözləyir. Belə böyük mükafatın azərbaycanlı gənc aktyora verilməsi hamımızı sevindirir. Bu, təkcə Timur Oduşevin deyil, bütövlükdə Azərbaycan kinosunun uğurudur. Çalışmalıyıq ki, belə ekran əsərlərinin sayı çox olsun, Mədəniyyət və Turizm Nazirliyi bütün kinostudiyalara bu işdə kömək etməyə hazırdır”.
Nazir Əbülfəs Qarayev qeyd etdi ki, son illər Azərbaycanda gənc kinorejissorlar tərəfindən “Sahə”, “40-cı qapı”, “Niyyət” və s. uğurlu filmlər çəkilib: “Bu filmlər Azərbaycanda istedadlı gənclərin olduğundan xəbər verir. Hazırda kino sahəsində müxtəlif layihələr hazırlanır. “Nizami” adına kinoteatr kino mərkəzi kimi fəaliyyətə başlayacaq. Kino sahəsinin inkişafı üçün bizə həm texniki, həm də yaradıcı baza lazımdır”.
“Sahə” filminin prodüseri Nəriman Məmmədov və rejissor İlqar Safat nazirə minnətdarlıq edərək bildirdilər ki, bundan sonra da uğurlu ekran əsərləri ilə kinomuza daha böyük zəfərlər qazandırmağa çalışacaqlar. Filmin yaradıcı heyəti Hollivudda filmə münasibət, onun kinoteatrlarda dəfələrlə nümayişi və xarici jurnalistlərin filmə olan marağı haqda danışdılar. Gənc aktyor Timur Oduşev qeyd etdi ki, bundan sonra da hər hansı bir filmə dəvət alarsa yenə də Azərbaycan kinosunun böyük uğurlara imza atması naminə əlindən gələni edəcək.
Reyhan