Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemlərinə” həsr edilmiş XII beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda ADMİU, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri ilə yanaşı, Türkiyə və Özbəkistandan gələn tədqiqatçılar da iştirak ediblər.
Konfransda ADMİU-nun rektoru, professor Fərəh Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsində davamlı olaraq keçirilən beynəlxalq konfransa marağın azalmadığını bildirib, tədbirin əhəmiyyətindən danışıb.
Konfrans işini “Türksoylu xalqların ənənəvi musiqi mədəniyyətində janrlararası əlaqələr”, “Bəstəkar yaradıcılığı və ifaçılıq məsələləri”, “Türksoylu xalqların bədii mədəniyyəti: ənənə və müasirlik” adlı bölmələrdə davam etdirib. “Nizami Gəncəvinin əsərlərində musiqi və rəqs ifaçıları”, “Türk dünyasının opera sənətində “Koroğlu” dastanının yeri”, “Özbək mədəniyyəti kontekstində kreativ sənaye”, “Ornamentallığın bəzi aspektləri” və s. mövzularda məruzələr dinlənilib.
Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Türkiyənin Kahramanmaraş Sütçü İmam Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.