Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri davam edir.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsində keçirilən seçim mərhələsində Sumqayıt və Xaçmaz regional idarələrinin tabeliyindəki müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak ediblər.
Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evinin Xalq teatrı S.M.Qənizadənin “Dursunəli və Ballıbadı”, Abşeron rayon Mədəniyyət mərkəzinin Musiqili komediya xalq teatrı “Bataqlıqda batan çiçək”, Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət mərkəzinin Xalq teatrı Rəhman Əlizadənin “Diqqət, başlayırıq” tamaşalarını nümayiş etdiriblər.
Çıxışlar tamaşaçılar və münsiflər heyəti tərəfindən rəğbətlə qarşılanıb. Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədovun rəhbərlik etdiyi münsiflər heyətinin üzvləri teatr kollektivlərinə peşəkar məsləhətlərini veriblər.
* * *
Mayın 20-də isə festivalın seçim mərhələsi Masallıda keçirilib. Baxışda Masallı (Masallı, Cəlilabad), Biləsuvar (Salyan) və Lənkəran (Astara) regional mədəniyyət və turizm idarələrinin tabeliyindəki müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak edib.
Münsiflər heyəti teatr kollektivlərinin çıxışlarına münasibətlərini bildirib, tövsiyələr veriblər.
Baxış-müsabiqənin qalibi kimi Masallı Xalq teatrının kollektivi iyun ayında Bakıda keçiriləcək festivalın final mərhələsinə vəsiqə qazanıb.