Tarix Muzeyində fotosərgi açılıb
   
   Mayın 22-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş “Azərbaycan tarixində almanlar” adlı fotosərgi açılıb.
   Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı orta əsrlər dövründə Azərbaycanda olmuş alman səyyahları, XIX əsrdə almanların Azərbaycana köçürülməsi və onların həyatı haqqında məlumat verib. 
   AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli XIX-XX əsrin əvvəllərində Azərbaycanda alman koloniyalarının həyatından bəhs edib. O, fotosərgini yüksək dəyərləndirib, qeyd edib ki, sərgi geniş elmi-tədqiqatlar üçün çox zəngin materialdır. Akademik Azərbaycan-Almaniya əlaqələrinin əhəmiyyətini də diqqətə çatdırıb.
   Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
   Sərgidə XIX əsrdə və XX əsrin birinci yarısında Azərbaycanda yaşamış alman icmasının həyat və məişətini əks etdirən 140-dək fotoşəkil, müxtəlif illərdə alman təşkilatlarının muzeyə hədiyyələri nümayiş etdirilir.