XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişafına töhfə verən ziyalılardan biri də publisist, ictimai xadim Rzaqulu Nəcəfov olub. 
   Rzaqulu Məşədi Ələkbər oğlu Nəcəfov 1884-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. İlk təhsilini burada molla məktəbində alıb, sonra Məhəmməd Tağı Sidqinin şəhərdə açdığı “Məktəbi-tərbiyə”də oxuyub. İrəvan və Tiflisdə təhsilini davam etdirib, ərəb, fars, rus və gürcü dillərini mükəmməl öyrənib. Rzaqulu Nəcəfovun elmi dünyagörüşünün formalaşmasında qardaşı - satirik şair, publisist Əliqulu Qəmküsarın xüsusi rolu olub.
   Atası vaxtsız vəfat etdiyindən Rzaqulu Naxçıvana qayıdır. Culfa gömrükxanasında işə düzəlir. Bu arada İranda Məşrutə inqilabında (1905-1911) iştirak edir. 1912-ci ildə Tiflis şəhərinə köçür və “Molla Nəsrəddin” jurnalının ikinci redaktoru təyin edilir. “Molla Nəsrəddin” jurnalı və Tiflisdə nəşr edilən rusdilli qəzetlərdə maraqlı yazılarla çıxış edir. Qısa müddətdə imzası Tiflis mühitində tanınır. 
   Tarixçi alim Musa Quliyev tədqiqatlarında yazır ki, Rzaqulu Nəcəfov Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Tiflisdə Azərbaycan hökumətinin konsulu vəzifəsində çalışıb. Sovet hakimiyyəti qurulduqdan bir müddət sonra “Yeni fikir” qəzetinin redaktor müavini, baş redaktoru “Dan ulduzu” jurnalının redaktoru olub. Tiflisdə təhsil alan naxçıvanlı gənclərə maddi və mənəvi köməklik göstərib. Eyni zamanda Tiflis Azərbaycan Dövlət Dram Teatrına direktorluq edib. 
   1927-ci ildə “Dan ulduzu” jurnalında dərc edilən “Hüznlü bir xatirə” yazısına görə o, ciddi nəzarətə götürülür, rəsmi xəbərdarlıq edilir. Yazıda maarifçi ziyalı, publisist Qurbanəli Şərifzadə (1854-1917) yada salınmışdı. Q.Şərifzadə maarifçi ziyalı, publisist, xeyriyyəçi kimi tanınmış, Azərbaycanın görkəmli ədib və ziyalıları ilə yaxın əlaqələr qurmuşdu. R.Nəcəfov sovet mətbuatından və öz məsul mövqeyindən sui-istifadə etməkdə günahlandırılır.
   R.Nəcəfov “Mozalan”, “Bir müsəlman”, “Lağlağı”, “N.R.”, “R.Nəcəfzadə” və s. imzalarla “Bürhani-tərəqqi”, “Həqiqət”, “Molla Nəsrəddin”, “Maarif işçisi”, “Yeni fikir”, “Yeni Gəncə” kimi qəzet və jurnallarda çıxış edib. 
   O, 1930-cu ildə Bakıya köçür və nəşriyyatda işə düzəlir. Lakin 30-cu illərin acı yelləri əsməyə başlamışdı. R.Nəcəfov izlənilir və tez-tez sorğu-sual olunur. Bu haqda görkəmli ədəbiyyatşünas alim, professor Əziz Şərif (Qurbanəli Şərifzadənin oğlu) “Keçmiş günlərdən” kitabında yazır: “1927-ci il idi. Atamın vəfatından on il keçirdi. O zaman məsul vəzifələr daşıyan və uzun müddət “Yeni fikir” qəzetinin baş redaktoru olan Rzaqulu Nəcəfov vaxtilə yaxşı tanıdığı, dərin hörmət bəslədiyi, ictimai xidmətlərini yüksək qiymətləndirdiyi Qurbanəli Şərifzadəni yada salıb. Ona “Hüznlü bir xatirə” başlıqlı məqalə həsr etmişdi. Böyük qardaşı, görkəmli şair Əliqulu Qəmküsar, İran inqilabının iştirakçılarından olan əmisi oğlu Nəcəfqulu Nəcəfov və Naxçıvanın açıqfikirli ziyalı gəncləri kimi, Rzaqulu da Naxçıvan mühitində böyümüş, ərsəyə çatmış və Q.Şərifzadənin təsiri ilə ictimai fəaliyyətə başlamışdır...” 
   Araşdırmalardan məlum olur ki, Q.Şərifzadə haqqında yazılan elmi məqalələr, kitablar həmin illərdə R.Nəcəfova qarşı qərəzli kampaniya aparanların yalanlarını üzə çıxarıb. Ə.Şərif isə bu məsələdə R.Nəcəfova köməklik edə bilməyib. Həmin dövrdə məsələyə böyük yazıçı Cəlil Məmmədquluzadə qarışaraq Zaqafqaziya Partiya Komitəsində çalışan Teymur Hüseynova müraciət edib. Bundan sonra R.Nəcəfova qarşı başlanılan kampaniya dayandırılıb. Ancaq 1937-ci ildə R.Nəcəfov yenidən nəzarətə götürülür. Eyni zamanda Bakıda və Naxçıvanda qohumları həbs edilərək qətlə yetirilir. 
   Tarixçi M.Quliyev qeyd edir ki, rəsmi sənədlərdə R.Nəcəfovun ölüm tarixi 1938-ci il kimi göstərilsə də, SSRİ Xalq Daxili İşlər Komissarlığına məxsus sənədlərdə 1937-ci ildə güllələnən ziyalılar siyahısında onun da adı var.
   
   Savalan Fərəcov