Mayın 25-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən “Qarabağ münaqişəsi nəticəsində maddi-mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.
Tədbirə Nərimanov Rayon Gənclər və İdman İdarəsi də təşkilati dəstək verib.
İctimai birliyin sədri Nail Şükürov bildirib ki, konfransın keçirilməsində məqsəd işğal altında olan Qarabağın maddi-mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı faktların elektron vasitələrlə Azərbaycanda və dünyada daha geniş auditoriyaya təqdim olunması, gənclərin və gənclər təşkilatlarının Azərbaycan həqiqətlərinin yayılmasında rolunun artırılmasıdır.
Konfransda Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Qeyri-hökumət təşkilatları ilə iş sektorunun əməkdaşı Rəvanə Abdullayeva, AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşı Faiq İsmayılov, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Virtual Qarabağ” İKT mərkəzinin rəhbəri Nurəddin Mehdiyev çıxış ediblər, mövzu ilə bağlı müzakirələr aparılıb.
Qeyd edilib ki, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonların işğalı nəticəsində 23 muzey, 4 rəsm qalereyası, 927 kitabxana minlərlə eksponat, rəsm və kitablar, şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri talan edilib, qəbiristanlıqlar, inanc yerləri, müsəlman dini abidələri, arxeoloji abidələr məhv edilib. Vurğulanıb ki, erməni işğalçılarının bu əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır. Bu istiqamətdə İKT resurslarında təbliğat gücləndirilməli, bu sahədə gənclərin rolu artırılmalıdır.
Konfrans zamanı “Qafqaz Albaniyası - gecikmiş həqiqətlər” sənədli filmi nümayiş olunub. İştirakçılara müxtəlif çap məhsulları təqdim olunub.
Konfransın işində Mədəniyyət və Turizm Nazirliyinin, elmi müəssisələrin əməkdaşları, ictimai birlik rəhbərləri, gənc tədqiqatçılar iştirak edib.