“Səməd Mənsurun poeziyası” kitabının təqdimat mərasimi keçirildi
Mayın 24-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə Milli Məclisin üzvü, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun “Səməd Mənsurun poeziyası” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə əvvəlcə Xalq artisti Nurəddin Mehdixanlı görkəmli şair Səməd Mənsurun (1879-1927) “Həpsi rəngdir” şeirini səsləndirdi.
Milli Kitabxananın direktoru Kərim Tahirov vətənin, xalqın tərəqqisi naminə xidmətlər göstərmiş elm, ədəbiyyat, incəsənət xadimləri sırasında xüsusi yeri olan Səməd Mənsurun (Səməd Hacı Əhməd oğlu Kazımov) irsinin tədqiq edilməsi, gələcək nəslə çatdırılması baxımdan təqdim edilən kitabın əhəmiyyətini vurğuladı. Bildirdi ki, Səməd Mənsur açıq düşüncəli, müstəqil baxışı olan şair kimi dövrünün ədəbi mühitində ad çıxarıb, kitabda onun həyat və yaradıcılığı ətraflı əks olunub.
Kitabın ön sözünün müəllifi, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək Səməd Mənsur yaradıcılığının çoxşaxəliliyindən danışdı. Qeyd etdi ki, Nizami Cəfərovun şairin zəngin irsini müxtəlif dövrlər və üslublar üzrə təsnif etməsini, haqqında daha əvvəl yazılanlara nəzər salıb dəyərləndirməsini S.Mənsurun ədəbiyyat tariximizə qayıdışı kimi qiymətləndirmək olar.
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli kitabın ərsəyə gəlməsini ədəbiyyatşünaslığımız üçün əlamətdar, aktual hadisə kimi dəyərləndirdi. Bildirdi ki, S.Mənsur yaradıcılığı özü də bu gün öz aktuallığı ilə diqqət çəkir. Onun ədəbi irsi xarici dillərə tərcümə edilərək Azərbaycan ədəbiyyatının əsrin əvvəllərindəki gücünü bir daha dünyaya nümayiş etdirmək imkanı qazandıra bilər. Vurğulandı ki, görkəmli sənətkarın nəvələri də bu gün görkəmli klassiklərin irsinin araşdırmaçılarındandır və bu bir daha ədəbiyyata, sənətə olan kökdən gələn sevgi anlayışını bizlərə aşılayır.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, ADPU-nun Filologiya fakültəsinin dekanı Buludxan Xəlilov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, S.Mənsur irsinin tədqiqatçısı Yadigar Əsgərova və digər çıxışçılar bildirdilər ki, şairin poeziyasında ən böyük ustadı saydığı Füzulidən üzü bəri Molla Pənah Vaqif və aşıq şeirindən Sabir satirasına qədər bir yolu izləmək mümkündür. O, istər çarizm dövründə, istər Cümhuriyyət, istərsə də sovetlər dönəmində rastlaşdığı nöqsanlara, neqativ hallara, cəhalətə, avamlığa qarşı laqeyd qalmayıb, həmişə kəskin mübarizə aparıb. Şairin özünəməxsus bədii üslubu, kəsərli tənqidi, ictimai həyata fəal, cəsarətli müdaxiləsi olub. Romantik və realist üslubda yazdığı çoxsaylı əsərlərdə sərt satirik başlanğıcın, tənqidi yanaşmanın, milli bəlalarımızın müstəqim üsulla ifasına şairin yaradıcılığında ön plana çəkildiyinin şahidi oluruq.
Diqqətə çatdırıldı ki, Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyası tarixində irsinə bu qədər uzun müddət yasaq qoyulan söz ustadı varsa, o da S.Mənsur olub. Repressiya qurbanı olan yazarlar 50-ci illərdən çap olunmağa başlasalar da, onun yaradıcılığı 70-ci illərdən sonra dərc edilib. Çünki onun dediyi söz dərhal cəmiyyətə, milli şüura təsir edərək canlı ovqat, mübariz əhval-ruhiyyə yaradırdı.
Müəllif, akademik Nizami Cəfərov çıxış edərək diqqətə çatdırdı ki, bu kitabı yazmaqda məqsədi heç də tədqiqat obyektli nümunə deyil, şairin obrazını oxucuya çatdırmaq olub. S.Mənsur poeziyasının ən mühüm məziyyətlərindən biri də iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi aktuallıq kəsb edən ən müxtəlif mövzulara müraciət etməsidir.
Tədbirdə şairin ailəsi adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. Vaxtilə Xalq yazıçısı Anarın S.Mənsur yaradıcılığına müraciət etdiyini diqqətə çatdıran nazir qeyd etdi ki, dövlət başçısının sərəncamı ilə şairin adı əbədiləşdirilib, Əmircanda onun xatirə lövhəsinin açılışı olub: “Böyük ədəbi nümunələr hansı dövrə aid olmasından asılı olmayaraq, hər zaman yaşayır və aktuallığını qoruyur. Buna görə də Azərbaycanda kitaba olan maraq, ədiblərin yaradıcılığına olan maraq, yeni yaradıcılıq prosesləri daim inkişafdadır. Tarixdə iz qoyan ədəbiyyat xadimlərinin irsi isə gənc nəsil üçün hər zaman örnəkdir”.
Sonda tədbir iştirakçıları görkəmli şairin həyat və yaradıcılığını əks etdirən geniş kitab sərgisi ilə tanış oldular.
Lalə Azəri