Naxçıvanda yaşayıb-yaradan rəssam Sabir Məmmədovun Bakıda sərgisi açılıb
   
   Mayın 24-də Bakıdakı Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Naxçıvan Rəssamlar Birliyi və mərkəzin birgə təşkilatçılığı ilə Naxçıvanda yaşayıb-yaradan rəssam Sabir Məmmədovun sərgisinin açılışı keçirildi. "Naxçıvan etüdləri" adlı sərgidə müəllifin müxtəlif janrlarda, əsasən sulu boya ilə çəkdiyi əsərlər nümayiş olunur.
   Tədbiri Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq səbəbkarı və qonaqları salamladı.
   Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov tamaşaçılara təqdim olunan əsərlərin yüksək ustalıq, duyğularla yaradıldığını, o üzdən də insanlarda mənəvi keyfiyyətlər aşıladığını bildirdi. Vurğuladı ki, akvarel ustası S.Məmmədovun hər bir əsərində yüksək sənətkarlıqla yanaşı, gərgin zəhmət də hiss olunur. 
   Xalq rəssamı Arif Hüseynov rəssamın bərəkətli torpağı, özünəməxsus təbiətilə gözoxşayan qədim yurd yerimiz Naxçıvanı qarış-qarış gəzdiyini, bu əsərlərin həmin təəssüratlardan yarandığını söylədi.
   Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bildirdi ki, Naxçıvanda Bəhruz Kəngərli kimi böyük sənətkardan sonra rəssamlıq etmək çox çətindir, üstəlik, onun kimi sulu boya əsərləri çəkmək də. Amma Sabir Məmmədov bu işin öhdəsindən uğurla gəlib. 
   Sonda rəssam S.Məmmədov sərginin təşkili üçün zəhmət çəkən hər kəsə sayğısını ifadə etdi, sənətsevərlərlə görüşünü həyatının unudulmaz anı adlandırdı. 
   Sərgidə rəssamın 80-dək əl işi yer alıb. Hər bir əsərdə rəssamın ruhu, duyğuları aydınca duyulur. “Haçadağ”, “Batabatda qış”, “Haçadağ duman içində”, “Qızıl payız”, “Gilənar ağacı”, “Narlar”, “Şərq motivi”, “Mücərrəd”, “Kənd”, “Uzunobada qış”, “Ağrı dağı”, “Yağmurlu hava”, “Ləkətağ”, “Külək”, “Köhnə qala” əsərlərində rəssam sanki bütün hissiyyatını, ruhunu tamaşaçıya ötürmək istəyir. Bir sözlə, sərgini ölkəmizdə indi elə də dəbdə olmayan sulu boya sənətinin inkişafı yolunda böyük xidmət saymalıyıq. Sərgidə rəssamın mis üzərində bir neçə döymə sənət örnəkləri də yer alır.
   Bildirək ki, S.Məmmədov 1954-cü ildə muxtar respublikanın Babək rayonunun Nəzərabad kəndində anadan olub. Rəssam doğulub yaşadığı yurdu əsərlərində böyük şövqlə tərənnüm edir. Sulu boya sahəsində xüsusi istedadı var. Bu texnika öz çətinliyi ilə seçilir. Rəssam bir müddət öncə Xətai Sənət Mərkəzinin təşkil etdiyi respublika akvarel müsabiqəsində II yerə layiq görülüb. O deyir: “Sulu boya texnikası çox çətindir. Həm yorucudur, həm də imkanları genişdir. İşlədikcə, axtardıqca onun incəliklərinə yiyələnmək olur”. 
   Sərgi üç gün davam edəcək.
   
   S.Qaliboğlu