Özündən bir əsr öncə ikiyə bölünmüş Vətənini qəlbən birləşdirib getmiş Söhrab Tahir...
Maraqlıdır, son vaxtlar dilimizdə tez-tez və əsasən mənfi çalarda işlənən “ikili” ifadəsi bu şairə şamillikdə aydan arı-sudan duru səslənir. Həm onun doğum ünvanı olan Güney nakamlıqlı tərcümeyi-halı, həm nisgil şeirlərinin “vizit kartı” hesab edilən “İki bölünməkdən elə qorxmuşam - Çöpü də ikiyə bölmərəm daha” misraları ilə bağlı...
Ömrü uzunu qəlbində “balaca Yurd, böyük Vətən həsrəti” daşımış bu şairin “vizit kartı” kimi obrazlaşdırdığım həmin misraları sanbalında “stolüstü”, “qəlbiçi” bəndləri də az deyil və elə söhbətimi həmin “ikili”liyi və hələ istisi soyumamış ölüm faktını da ehtiva edən bir şeirilə davam etdirmək istəyirəm:
Öləndə kəfənim ikiqat olsun;
Ruhum o taydadır, qəbrim bu tayda,
Dözümlü xalqıma heykəl qoyulsun
Ortadan qurumuş bir dəli çayda.
Tabutum üstündə oynasın xəzan,
Bölünsün bir xalqın şairi iki.
Ayrı bacıların göz yaşlarından
Mənə iki tayda bir qəbir tikin.
İkili yaşadım həyatımı mən,
İkili səsimdə birləşdi xalqım.
Qovdum ikiliyi öz ürəyimdən,
Böyük ürəyimdə birləşdi xalqım.
Bir gün xalqım üçün şairləşəndə
Şair torpağına quylanacağam.
Vətən birləşəndə, xalq birləşəndə -
Mən də öz qəbrimdən boylanacağam...
Bu şair qəbirdən öncə gözəl bir diyarda doğulub boylanmışdı -
Bu dünyaya...
1926-cı il mayın 27-də o tay Astaramızdakı bir sənətkar ailəsində “Tahiri Söhrab Əbülfəz oğlu” ad-soyadında doğulub - bizim “Söhrab Tahir” kimi tanıyıb-sevdiyimiz bu şair. Doqquzuncu sinfədək, tez-tez öz şirin ləhcəsilə səsləndirdiyi “Səadət”, “Şahpur” məktəblərində təhsil alıb, lakin ağır dolanışıq üzündən “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olub. Bir azdan - Sovet Ordusu İrana daxil olarkən xalq hərəkatına qoşulub, çox fəallıq göstərib və 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. Burada Tibb Məktəbində (stomatoloq və feldşerlik) oxuyub. 1952-1957-ci illərdə ADU-nun Filologiya fakültəsini bitirib. 1959-1961-ci illər M.Qorki adına Ali Ədəbiyyat Kurslarının (Moskva) müdavimi olub. 1962-1966-cı illərdə “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında şöbə müdiri, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, daha sonra “Azərbaycan” jurnalının redaktoru, Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnı Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşriyyatı bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin, SSRİ Ədəbiyyat Fondu plenumunun üzvü olub. 1986-91-ci illərdə AYB Şeir şurasının və Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı, inqilabi, ədəbi-ictimai fəaliyyətinə görə “21 Azər” (Təbrizdə) və bir sıra başqa medallarla, 2010-cu ildə Rusiya Yazıçılar İttifaqının qərarı ilə beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.
Azərbaycanın Xalq şairi, ictimai xadim, alovlu publisist Söhrab Tahir Vətən qarşısında xidmətlərinə görə 2006-cı ildə ölkə Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə də layiq görülüb.
Uzun illər şəkər xəstəliyindən əziyyət çəkən sənətkar 2016-cı il mayın 4-də - 90 yaşında Bakıda vəfat edib.
Və...
bu ölməz şair və nasirin 90 yaşda ikən şifahi-nəsri söhbətlərindən fraqmentlər:
“Cavan qalmağın bir sirri var ki, gərək ürəyin pak olsun, ən başlıcası - heç kəsə, heç nəyə paxıllıq etməyəsən. Uşaqlıqdan o taydan gətirdiyim pak, təmiz, xıltsız ürəklə yaşaya-yaşaya gəlib bu yaşa çatmışam. Şəxsən mənim belə cavan qalmağımın bir səbəbi də dost-tanışlarımdan gördüyüm diqqət və qayğıdır. Yaşayışımdan, xalqımdan, dövlətimdən, mənimçün yaradılan şəraitdən çox razıyam. Amma bir gen, nəsil faktoru da var. Mənim babam o tay Astarasının Nünəkəran kəndində 112 il yaşayıb...”
“Pişəvəri hokuməti qurulandan sonra mən Təbrizdən bura (bir çox silahdaşlarımla birgə) hərbi məktəbə göndərildim. Lakin hələ 1946-47-ci və sonrakı illərdə Azərbaycanı hansı faciələr gözlədiyini bilmirdik...”
“Mənim “Azərbaycan” poemamın maraqlı bir yazılma səbəbi var. Deməli, Təbriz Universitetindəki müəllimlərdən Deyhəm adlı bir polkovnikin kiçik bir poemasında deyilirdi ki, Azərbaycan adında xalq yoxdur; - onlar İranın Səlcuqlar tərəfindən işğalı zamanı fars qızları ilə Səlcuq əsgərlərinin izdivacından əmələ gəlmədirlər və sair təhqirlər. Mən bundan çox əsəbləşdim və elə o vaxtdan bu kimi düşünənlərə cavab olaraq beynimdə indiki “Azərbaycan” poemamı toxumağa başladım. 1979-da İranda şah rejimi devrildi, yeni hökumətlə Sovet hökumətinin münasibətlərinin “başıqarışıq” çağında mənim bu “Azərbaycan” poemam da qılınctək sıyrılıb qınından çıxdı...”
Bir neçə kəlmə də, bu şairin yuxarıda “çox yaşamağın” rəhni kimi vurğuladığı -
Dostlarından -
Xalq şairi Sabir Rüstəmxanlı:
“Söhrab Tahir həm nasir, həm də şair kimi bütöv Azərbaycanın min ildə yetirdiyi ən nadir qələm sahiblərindən biri idi. O, 1945-1946-cı ildə Azərbaycan milli hökuməti tərəfindən Bakıya göndərildi, amma tale, zaman dəyişdi, o milli hökumət yıxıldı və Söhrab ölkəsinə qayıda bilmədi, Azərbaycanda qalıb, bütün taleyini Bakıya bağladı.
Bizim nəslin nümayəndələri - hətta Məmməd Araz (“əmi” də) ona “Əmi” deyirdi. Mənsə bunu vaxtilə ona və Balaş Azəroğluna həsr etdiyim poemamda yazılı da qeyd etmişdim:
Başında ağ saç gördüm,
Amandır, Söhrab əmi,
Belə vaxtsiz tələsmə saçları ağartmağa,
Ömürdən möhlət götür -
Arzulara çatmağa...
Söhrab Tahir gecə-gündüz işləyən qələm əhlilərindən idi; 19 roman, 50-dən artıq poema yazıb, yüzlərlə şeirin, 70 min misradan ibarət monimental “Ata” poemasının müəllifidir. Son görüşümüzdə ona deyəndə ki, sənin “Ata”n “Şahnamə”dən də böyükdür, gözlərində qəribə hisslər gördüm...
Cənub ədəbiyyatı və mövzusunun Azərbaycanda geniş yayılmasında, milli faciəmizin gənclər arasında təbliğ-tanıtım və dərkində misilsiz xidməti olan S.Tahir mənim gözümdə dünyanın azadlıq, milli istiqlal uğrunda mübarizə aparan ən nəhəng ədəbiyyatçıları sırasındadır. Biz çox yaxın dost idik; Bütöv Azərbaycanı dəfələrlə gəzib-dolaşdığım iki-üç adamdan, milli dərdlərimizi hər fürsətdə candan müzakirə edən qanlı tərəfdaşlarımdan idi Söhrab Tahir. Yazıçılar Birliyində 90 yaşını qeyd edərkən dedim, Əmi, ürəyindən nə keçir, dedi, ürəyimdəkilərdən biri də səni görmək idi, sən də gəldin. İstəyirəm ki, mənim yubiley tədbirimi sən özün aparasan...
Biz də - Anar müəllim və o nisgilli şairimizin başqa qələmdaşları yığıncaqda Söhrab Tahir sevgimizi ürəyimizdən dilimizə gətirdik, onun istedadlı ədəbiyyat-sənət zəhmətkeşliyindən, uzun və şərəfli bir ömür yaşamasından söz açdıq.
Təbii ki, orada - onunla üzbəüzlükdə demədiyimiz sözlər də oldu; həyat müvəqqəti, ölüm haqdır. Hər kəs gedəcək. Amma Söhrab Tahir kimi yaşayıb, yazıb-yaradandan sonrakı ölüm hər kəsə nəsib olan deyil. Onun həm ruhunda, həm də ölümündə bir qəhrəmanlıq dastanı var. Onun adı həmişə Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə bir yerdə yaşayacaq”.
Tahir Abbaslı