Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü mayın 30-da Xaçmazda gerçəkləşib.
Tədbirdən öncə nazir Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinlərinin qəbulu keçirilib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb.
Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.
Xaçmaz rayonundan qəbula yazılan vətəndaşlar regionda turizmin inkişafına dəstəyin artırılması, Turizm informasiya mərkəzində bələdçilərə ehtiyac olduğunu nəzərə alaraq xarici dil kurslarının təşkil olunması, özfəaliyyət və xalq kollektivləri üzvlərinə fəxri adların verilməsi barədə xahişlərini diqqətə çatdırıblar.
Quba sakinləri rayonda sağlamlıq turizminin inkişaf etdirilməsi, Etnoqrafiya muzeyinin yaradılması, “Şahdağ” xalq mahnı və rəqs kollektivinə milli geyimlərin verilməsi, Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu üçün yeni inzibati binanın tikilməsi, işlə təmin olunma kimi məsələlərlə bağlı nazirə müraciət ediblər.
Qusar rayonundan qəbula gələnlərin müraciətləri Şahdağ Turizm Mərkəzi ilə rayonun mədəniyyət müəssisələri arasında, eləcə də turizm obyektləri ilə turizm şirkətləri arasında əlaqələrin genişləndirilməsi, rəssamlıq emalatxanası və rəsm əsərlərinin sərgi-satış salonunun yaradılması, turizm obyektlərinin ixtisaslı kadrlarla təmin olunması və digər məsələlər barədə olub.
Şabran rayonu sakinləri tərəfindən Çıraqqala Tarix-memarlıq qoruğu ərazisində mühafizə köşklərinin qurulması, rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən dram kollektivinə Xalq teatrı statusunun verilməsi, muzey bələdçiləri üçün xarici dil kurslarının təşkili xahiş olunub.
Siyəzən rayonundan qəbula yazılanlar rayondakı Heydər Əliyev Mərkəzinin ekspozisiyasının zənginləşdirilməsi, rayon Mədəniyyət mərkəzinə milli geyimlərin verilməsi və digər məsələlər barədə müraciətlərini diqqətə çatdırıblar.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, ötən görüşlərdə olduğu kimi, bu dəfə də vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülüb. Nazir tarixi-mədəni irsin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi, eləcə də turizm sahəsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib. Regionlarda turizmin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulayan nazir bununla bağlı səslənən təkliflərin nəzərdən keçiriləcəyini deyib.
Fariz