Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Qırğızıstan parlamentinin (Joqorku Keneş) Aparat rəhbəri və “Sayakpay Manasçı” Beynəlxalq Fondunun direktoru Samatbek İbraevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qonaqlara ölkəmizin tarixi, zəngin mədəniyyəti və turizm potensialı, həmçinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlər və layihələr barədə məlumat verilib.
Samatbek İbraev 2013-cü ilin 1-8 dekabr tarixində Bakıda təşkil olunan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası zamanı “Manas”, “Semetey”, “Seytek” epik trilogiyasının təşkilatın reprezentativ siyahısına daxil edilməsində Azərbaycan tərəfindən böyük dəstəyin göstərildiyini məmnunluqla xatırlayıb.
Nazir müavini Ədalət Vəliyev iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüş zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişə nəticəsində Ermənistan dövləti tərəfindən işğal edilmiş ərazilərdə xalqımıza məxsus tarix-mədəniyyət abidələrinin dağıdılması və məhvi barədə də məlumat verilib, bu fakt Azərbaycanın və ümumilikdə bəşəriyyətin mədəni irsinə vurulan ziyan kimi qiymətləndirilib.
Samatbek İbraev səmimi qəbula görə nazir müavininə təşəkkürünü bildirib, həmçinin Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inam ifadə edilib.