Mayın 30-da İstiqlal Muzeyinin ekspozisiyasında “İslam dini və sülh” adlı rəsm sərgisi açılıb.
İstiqlal Muzeyi və Azərbaycan Dövlət Din Tarixi Muzeyinin təşəbbüsü ilə təşkil edilən sərgidə rəssam Qumral Əhmədovanın 28 əsəri və Azərbaycan Dövlət Din Tarixi Muzeyinin fondunda saxlanılan 21 eksponat nümayiş olunur.
Tədbirdə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi və Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Ölkəmizdə “İslam həmrəyliyi ili” çərçivəsində reallaşan silsilə tədbirlərdən danışan çıxışçılar sərginin bu qəbildən olduğunu diqqətə çatdırıblar.
Vurğulanıb ki, bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda, bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov “İslam həmrəyliyi ili” çərçivəsində təmsil etdiyi qurumun üzərinə xüsusi bir missiyanın düşdüyünü qeyd dərək söyləyib ki, müxtəlif dövlət qurumları və ictimai təşkilatlarla bu istiqamətdə tədbirlər təşkil olunur. Dinimizin əsas qayəsinin sülhə çağırış olduğunu deyən V.Məmmədov bildirib ki, məhz bu ideyaya görə İslam irqindən, dinindən və dilindən asılı olmayaraq insanların tam bərabərhüquqlu yaşamasının tərəfdarıdır.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Tədbir Respublika Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanan “İslam ölkələrinə səyahət” adlı kompozisiya ilə davam edib.