Respublika Günü bölgələrdə qeyd olunub
28 May - Respublika Günü ölkəmizin bölgələrində də çeşidli tədbirlərlə qeyd edilib. Silsilə tədbirlərdə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edilib, sərgilər, konsertlər təşkil olunub.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət mərkəzində keçirilən bayram tədbirində rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova və Əməkdar müəllim Rasim Orucov çıxış ediblər. Tədbir “Niyal” instrumental ansamblının və “Slavyanoçka” folklor qrupunun konsert proqramı ilə davam edib.
Şamaxıda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan konsertdə İncəsənət təhsili mərkəzinin “Gülüstan” instrumental ansamblı, “Buta və igidlər” rəqs ansamblı, “Nağaraçalanlar” ansamblı, “İncə tellər” aşıqlar ansamblı çıxış edib. Rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə şagirdlər əlamətdar günlə bağlı şeirlər söyləyiblər. Rəsm qalereyasında isə sərgi açılıb.
Ağsu rayon Mədəniyyət mərkəzində “Doğmadan doğmasan, ey ana yurdum” adlı konsert proqramı təşkil edilib. Mərasimdə rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qobustan rayon Heydər Əliyev Mərkəzində Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin tədbiri təşkil olunub. Şagirdlərin hazırladığı geniş konsert maraqla qarşılanıb.
* * *
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhərindəki Mədəniyyət mərkəzi və onun tabeliyində olan filiallar “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir təşkil edib. Mədəniyyət mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev Cümhuriyyətin tarixindən söz açıb. Şəhər Mərkəzi kitabxanasında təşkil olunan tədbirdə MKS-nin direktoru V.Məmmədova, Oxuculara xidmət şöbəsinin müdiri M.Rəşidova çıxış edib. Xaldan kənd uşaq musiqi məktəbi Salamabad kənd tam orta məktəbində konsert proqramı təşkil edib.
Bərdə rayonunda Rəsm qalereyası Turizm informasiya mərkəzi, Mərkəzi kitabxana, Tarix-diyarşünaslıq muzeyi ilə birgə sərgilər təşkil edib. Səməd Vurğun adına Mərkəzi kitabxanada “Azərbaycan dünyəvi dövlət-müsəlman ölkəsidir” adı altında dəyirmi masa keçirilib.
Tərtər rayon Mədəniyyət mərkəzi Uşaq musiqi məktəbi ilə birlikdə hərbi hissələrin əsgər və zabit heyəti üçün konsert təşkil edib. Mədəniyyət mərkəzi və kənd klub müəssisələrinin özfəaliyyət dərnəkləri üzvlərinin işlərinin baxış-müsabiqəsi keçirilib, qaliblərə hədiyyələr təqdim edilib.
Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən M.P.Vaqif adına Mərkəzi kitabxananın oxu zalında “Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətimizdir” mövzusunda tədbir, Tarix muzeyində isə “Bir kərə yüksələn bayraq bir daha enməz” başlıqlı sərgi təşkil edilib.
* * *
Mayın 28-də Masallıda fəaliyyət göstərən “Viləş” istirahət mərkəzində Respublika Günü və yay turizm mövsümünün açılışı ilə əlaqədar tədbir keçirilib. Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova və rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibətilə iştirakçıları təbrik ediblər.
Mədəniyyət və Turizm Nazirliyi Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, “Viləş” hotelinin direktoru Anar Ağayev, “İstisu” sanatoriyasının rəhbəri İldırım Allahyarov, “Cənub nemətləri” istirahət mərkəzinin əməkdaşı Orxan Əliyev çıxış ediblər. Çıxışlardan sonra Mədəniyyət mərkəzinin incəsənət solistləri möhtəşəm konsert proqramı təqdim ediblər.
* * *
Zərdab rayon Mərkəzi kitabxanasında Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Çiçəklənən Azərbaycan” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Kitabxananın direktoru Nailə Əliyeva, şair Mübariz Səfiyaroğlu tədbirdə çıxış ediblər. Məktəblilər Azərbaycan haqqında şeir çələngi ilə ədəbi-kompozisiya nümayiş etdiriblər.