Tbilisidə tanınmış jurnalist, radio diktoru, mədəniyyət xadimi Ələddin Həsənovun xatirəsi anılıb. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbiri muzeyin direktoru Leyla Əliyeva açıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov çıxış edərək iki ölkənin dostluğundan danışıb, əlaqələrimizin möhkəmlənməsində media və mədəniyyət işçilərinin rolunu xüsusi qeyd edib. Bildirib ki, Tbilisidə yaşayıb-yaratmış Əli Qurbanov, Möhsün Sənani, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı kimi şəxsiyyətlər olub. Onların sırasına Ələddin Həsənovun da adı daxil edilməlidir.
Qeyd olunub ki, Ə.Həsənov 35 il (1967-2002) Gürcüstan radiosunda çalışıb. Onun hazırladığı reportajlarda xalqlarımız arasındakı dostluğun tərənnümü birinci yerdə olub. O, həmçinin 2002-2004-cü illərdə Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının direktoru olub.
Qocaman jurnalist, yazıçı-tərcüməçi Emin Elsevər, ART televiziyasının direktoru Tengiz Txilava, yazıçı Əli Abbas, jurnalist Nizami Məmmədzadə və başqaları çıxış edərək Ələddin Həsənovun həyat və fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.
Sonda Ə.Həsənovun oğlu Rizvan Həsənov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıq edib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov iştirak edib.