Kino tariximizdən 
   
   Dövrün yetişdirdiyi qəhrəman
   
   30-cu illərdə Azərbaycan kinosu sosialist ideyalarının pafosunu kəskin şəkildə özündə birləşdirmişdi. O dövrdə yaradılan filmlərdə nəzərə çarpacaq forma axtarışlarını, bir-birindən fərqlənən tipajları, rejissorlardan Sergey Eyzenşteyn və Vsevolod Pudovkinin poetikasına xas olan əhəmiyyətli montajın tətbiqini görürük. Bunlardan o illərin məhsulları olan “Lətif”, “26 komissar”, “Almaz”, “Bakılılar” və “Kəndlilər” bədii filmlərini misal göstərmək olar.
   
   İstər 20-ci, istərsə də 30-cu illərdə qadın azadlığı və onun yeni həyat quruculuğunda fəal iştirakı, ümumiyyətlə, müasir mövzuya müraciət kinematoqrafçılarımızın qarşısında duran ən ümdə məsələlərdən idi. Digər tərəfdən teatr aktyorlarının kinoya gəlməsi, milli kadrların tədricən yetişməsi bu sahədə mövcud olan çatışmazlıqların bir qədər aradan qaldırılmasına şərait yaradırdı.
   Bütün bunların təcəssümünü 1936-cı ildə Azərbaycan kinostudiyasında (həmin il studiya belə adlanırdı - A.K.) yaradılmış “Almaz” kinopovestində görürük.
   Kinodramaturq C.Cabbarlı kinostudiyada fəaliyyət göstərdiyi illərdə əvvəlki filmlərin çəkilişində rejissorluq sahəsində lazımi təcrübə topladığı üçün böyük həvəslə “Almaz”a quruluş verməyi öhdəsinə götürmüşdü. 1934-cü ildə özünün pyesi əsasında ədəbi və rejissor ssenarisini yazmış, yaradıcı qrupu özü komplektləşdirmişdi. Hətta aktyorlar arasında sınaq çəkilişlərini də aparmış, rolları bölüşdürmüşdü. Səhnə ustalarından ibarət gözəl aktyor ansamblı yaratmışdı. Almaz roluna bundan əvvəl “Sevil” filmində baş rolu oynamış İzzət Orucovanı təsdiq etmişdi.
   C.Cabbarlı hətta çəkəcəyi naturanı belə müəyyənləşdirmişdi. Yaradıcı qrupla birgə Şamaxı rayonunun Dədəgünəş kəndinə gedib çəkiliş üçün yer də seçmişdi. Lakin yeni ilə bir neçə gün qalmış onun ürək ağrıları başlayır. 1934-cü il dekabrın 31-də dünyasını dəyişir. Ancaq böyük yazıçı və dramaturqun arzuları yarımçıq qalmır. Dostları, həmkarları, ardıcılları onun kinematoqrafiya sahəsindəki işini davam etdirdilər. Rejissorlardan A.Quliyev və Q.Braginski, operatorlardan İ.Frolov və Ə.İsmayılov, rəssam V.Aden, bəstəkarlardan Niyazi və Z.Hacıbəyov, səs operatoru İ.Ozerskidən ibarət yaradıcı qrup “Almaz” filmini çəkib başa çatdırdılar. Film mərhum sənətkarın vəfatının ildönümü münasibətilə ekranlara buraxıldı. Filmin operatorlarından Ə.İsmayılov “Kommunist” qəzetində dərc etdirdiyi məqalədə yazmışdı: “Film hazırdır. “Azərkino”nun işçiləri öz sevimli yoldaşları və dostları olan əziz Cəfərin başladığı işi şərəflə yerinə yetirdilər”.
   C.Cabbarlı “Almaz” ssenarisinin yazılma səbəbləri” məqaləsində nəyə görə bu pyesin ekran variantını qələmə almaq istədiyini açıqlamışdır. Məqalədə deyilir ki, pedaqoji texnikumu, digər tədris müəssisələrini bitirən gənclər çox vaxt rayonlara, kəndlərə getməkdən boyun qaçırırlar. Çünki kiminin valideynləri, kiminin adaxlısı icazə vermir. Kimi də sadəcə olaraq qorxaqlıq edir.
   Bununla əlaqədar dramaturq Azərbaycan Xalq Komissarlığına gedir, burada acı bir hadisədən xəbər tutur. Məlum olur ki, 1931-1932-ci tədris ilini başa vurmuş bir ziyalı qız kəndə işləməyə gedir. Orada cahil bir kənd soveti katibi qızın namusunu ləkələyir. Nəticədə qız özünə qəsd edir.
   Məqalədə bütün bu məsələlər şərh olunur, müəllif gənc qızları ayıq-sayıq olmağa, bu cür iyrənc hadisələrə qarşı mübarizə aparmağa çağırır. Sənətşünas N.Sadıxov “Azərbaycan bədii kinosu” kitabında yazır: “Bəlkə elə buna görədir ki, müəllif pyesdə Yaxşının namusuna təcavüz edən məchul Molla Sübhanın əvəzində filmdə kənd şurasının katibi Şərifi göstərir”.
   C.Cabbarlı “Almaz” filmini kinopovest adlandırmışdır. Bu film sosialist quruluşunu tərənnüm etməklə bərabər, eyni zamanda Azərbaycan qadınlarının öz hüquqları uğrunda mübarizə aparmalarından bəhs edir. Almaz da, Sevil və İsmət kimi namuslu, həyalı, əhdində vəfalı, zəngin mənəviyyatlı azərbaycanlı qadınlardandır. Onların talelərində oxşar cəhətlər olsa da, Almaz daha qətiyyətli, daha mübariz və cəsarətlidir. Almaz Sevil və İsmətdən fərqli olaraq özünə həyat yolu axtarmır. Lap əvvəldən onun yolu aydın, məqsədi bəllidir. Buna görə də o, qolçomaq Hacı Əhmədlə qarşı-qarşıya gələrkən qorxub geri çəkilmir, “yürüş var ha, yürüş var!” deyib yeni həyat uğrunda mübarizəyə başlayır. Bu həyatın sahibi və carçısı kimi, qolçomaqlarla, onların avam və cahil əlaltıları ilə döyüşə atılır, o, təzəliyi köhnəliyə qarşı qoyur, kənddə sözün əsl mənasında inqilab edir, vuruşur və qalib gəlir. Beləliklə də, biz filmdə köhnə dünya ilə yeni dünyanın mübarizəsini, bu mübarizədə yeni dünyanı təmsil edən Almazın qələbə çalmasını görürük.
   Filmdə sosialist quruluşu təbliğ edilir, bu quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər, çətinliklər barədə bəhs olunur. Burada eyni zamanda kollektivləşmə dövründə Azərbaycan kəndlərində gedən sinfi mübarizədən, belə bir çətin vaxtda kəndə işləməyə gəlmiş gənc müəllimə Almazın kəşməkəşli həyat yolundan danışılır.
   1930-cu il. Sovet Azərbaycanının uzaq dağ kəndi. Dağlar arasında itib qalmış Sarıtorpaq kəndinə işləmək üçün Almaz Əliyeva adlı gənc müəllimə gəlir. İlk günlərdən gənc müəllimənin gəlişinə sevinən, onunla əlbir olan adamlar müəyyən olunur. Bunlar yoxsul Aftil və onun arvadı, komsomolçu Barat və kənd qızı Yaxşıdır. Kəndin ağsaqqalı Hacı Əhməd müəlliməyə öz “məsləhətləri” ilə həvəslə yardım edir.
   Müəllimə kəndin qadınlarına kömək etmək məqsədi ilə xalçaçılıq arteli təşkil etmək fikrinə düşür. Hacı Əhməd birincilər sırasında onun təşəbbüsünü alqışlayır və bu işdə ona kömək edəcəyini söyləyir. Lakin xalça toxumaq üçun hanalar gəlib çıxdıqdan sonra birinci münaqişə baş verir. İlk anlardan Almaza ədavətlə yanaşan məktəb müdiri Mirzə Səməndər hanaları məktəbin həyətinə yığmağı qadağan edir.
   Təcili surətdə bina lazımdır; bu zaman Hacı Əhməd boş qalmış məsciddən istifadə etmək fikrini Almazın “yadına salır”. Digər tərəfdən Hacı Əhməd və onun əlaltısı Fatmanisə tərəfindən öyrədilmiş kənd qadınlarının bir hissəsi Almazın bu təşəbbüsünə qarşı müqavimət göstərir.
   Gənc müəllimə kənddə bir çox çətinliklərlə qarşılaşmalı olur. Lakin qorxub geri çəkilmir. Əksinə, düşmənlərlə apardığı mübarizə ona cürət və qətiyyət verir. Filmin sonunda o, mübarizədə böyük və ağır sınaqlardan keçib qalib çıxır.
   Almaz sovet hakimiyyətinin, sovet məktəbinin yetirməsidir. O öz dünyagörüşü, əxlaq və davranışı ilə yeni adamdır. Ona görə də Hacı Əhmədlərlə, Mirzə Səməndərlərlə, Fatmanisələrlə, köhnə qayda-qanunlardan kor-koranə bərk yapışıb qopmayanlarla mübarizə aparmalı olur.
   Gənc müəllimənin keçdiyi çətin, mürəkkəb, lakin şərəfli həyat yolunu izlərkən aydın olur ki, müəlliflər filmdə təsvir etdikləri obrazların və hadisələrin təbiiliyi və reallığı üçün yersiz şişirtmələrdən uzaqlaşmağa, qəhrəmanların düşüncə və hisslərini düzgün çatdırmağa çalışmışlar. İri planlar, düzgün montaj, nəhayət rejissorların aktyorlarla birgə işi filmi baxımlı etmişdir.
   İstər mövzusu baxımından, istərsə də qaldırılan problemlər baxımından “Almaz” filmi öz dövrünə görə çox aktual idi. Film ekranlara buraxılandan sonra respublikamızın mədəni həyatında əlamətdar hadisəyə çevrildi.
   Kinoşünas H.Hacınskaya bu film haqqında yazmışdır: “Almaz” filmi azərbaycanlı qadın obrazının təcəssümündə kino tarixində yeni səhifə idi... Almaz özü üçün deyil, başqalarından ötrü mübarizə aparırdı... Azərbaycan filmlərində qəhrəman qadın obrazının sonrakı inkişafı artıq başqa vəziyyətlərlə, başqa dövrlə bağlıdır!”.
   Görkəmli gürcü rejissoru N.Şengelaya isə ssenariyə və baş qəhrəman Almaza belə qiymət vermişdir: “Mən təsdiq edirəm ki, bu, dramaturji əsərlərdən biridir... şübhəsiz bu əsərə quruluş verilməlidir. Çünki bu dolğun əsərdir. Əsərdə qəhrəman qadın fiquru qabardılıb. Mənə sovet kinematoqrafiyasında qəhrəman qadın fiqurunun adını çəkə bilərsizmi?”.
   Rejissor N.Şengelaya bu sözləri 76 il bundan əvvəl demişdir. Bu sözlər görkəmli gürcü sənətkarın böyük dramaturq və rejissor Cəfər Cabbarlı sənətinə verdiyi layiqli qiymətdir.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar