Almas İldırımın anadan olmasının 110 illiyi qeyd edildi
   
   Mayın 31-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd edildi.   
   Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək şairin həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, vətənini, torpağını canından çox sevən Almas İldırımın 110 illik yubileyinin keçirilməsi Azərbaycan xalqının dəyərli oğullarına verdiyi qiymətdir. İstiqlal öz varlığını qoruyub saxlayan hər bir xalqın tarixən apardığı hürriyyət mücadiləsinin ən ali təzahürüdür: “Əldə etdiyimiz bugünkü müstəqillik uzun bir tarixi mübarizənin nəticəsidir. Bu istiqlaliyyətin əldə olunmasında ideoloji qüvvə kimi ədəbiyyat xadimlərimizin böyük əməyi olmuşdur. Bütün varlığını vətəninin əbədi müstəqilliyi uğrunda mübarizəyə həsr edən Hüseyn Cavid, Mikayıl Müşfiq, Almas İldırım və digər görkəmli ədiblərimizin həyat salnaməsi Azərbaycan xalqının azadlıq rəmzinə çevrilmişdir. Bu şəxsiyyətlərin yaradıcılığını, həyatını bütün vətənsevərlərin həyat yolu kimi qiymətləndirmək lazımdır. Çünki onların ərsəyə gətirdiyi əsərlər milli özünüdərkin və vətənpərvərlik ruhunun oyanışında, maarifin cəhalət üzərində təntənəsində mühüm rol oynamışdır”.
   Qeyd olundu ki, Almas İldırımın tale ulduzu bu gün şairin arzuladığı, xəyalını qurduğu müstəqil Azərbaycanda yenidən parlamaqdadır. Mühacirət poeziyasının görkəmli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi anılan Almas İldırım özünəməxsus poetik tərzi ilə hər zaman diqqəti çəkib: “Azadlıq və vətən eşqi ilə dolu həsrət nəğmələri yaradan şairin acı və qürurlu tale yolu qardaş Türkiyədə hüzur tapmışdır. Altı il sürgün həyatı yaşayan Almas İldırım Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə məskunlaşmış və ömrünün sonuna qədər burada yaşayıb-yaratmışdır”. 
   Vurğulandı ki, Almas İldırımı Azərbaycan və Türkiyə arasında altun söz körpüsü adlandırırlar: “Qardaş Türkiyə onu hansı məhəbbətlə ağuşuna almışdısa, o da bu məmləkətə dost, qardaş missiyasını ləyaqətlə yerinə yetirmişdi. Onun poeziyası zərifdir. Bu poeziya insan qəlbinin ən həssas tellərini dindirməklə bərabər, həm də vüqarlı və əyilməzdir. Şeirlərində iztirab, kədər və dərddən yorğunluq, vətən həsrətli xatirələr özünü qabarıq şəkildə büruzə verir. Vətən sevgisi onun bütün əsərlərinin başlıca mövzusudur”.
   Vaqif Əliyev diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2007-ci ildə şairin 100 illik yubileyi geniş miqyasda qeyd edilib. Seçilmiş əsərləri 25 min tirajla nəşr edilərək ölkənin bütün kitabxana və orta məktəblərinə hədiyyə olunub. Eyni zamanda nazirliyin dəstəyi ilə akademik Bəkir Nəbiyevin “Almas İldırımın yaradıcılıq yolu” adlı dərin məzmunlu tədqiqat işindən ibarət “Ovunmayan bir səs” kitabı nəfis tərtibatla çap edilib: “Həqiqi sənətkarlar, xalqa, vətənə ləyaqətlə xidmət göstərən insanlar zamanın sərt sınaqları ilə üzləşsələr də, əvvəl-axır öz adlarına sahib olarlar. Almas İldırım bu gün canı qədər sevdiyi Azərbaycanda çağdaş ömrünü yaşayır. Onun xatirəsi hər zaman əziz tutulur. Onun bənzərsiz poeziyası bu gün də yaşayır, oxucuları vətəni və insanları qəlbən sevməyə səsləyir”.
   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar şairin bir çox şeirlərinin, o cümlədən vətən həsrəti, yurd sevgisindən bəhs edən "Əsir Azərbaycanım" şeirinin dillər əzbərinə çevrildiyini vurğuladı, şairin ən sevilən şeirlərini səsləndirdi.
   Daha sonra çıxış edən şairin oğlu Azər Almaszadə tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Qeyd etdi, atası hər zaman vətənini azad görmək istəyirdi: “Almas İldırım daim təqib və haqsız təhdidlər içində yaşayıb-yaratsa da, qəlbindəki istiqlal sevgisi heç zaman azalmırdı. Bu gün Azərbaycan xalqının Almas İldırımın arzu etdiyi azad və müstəqil dövlətdə yaşadığını görmək mənim üçün çox qürurverici hisdir. İstiqlal şairi, möhkəm iradəli Almas İldırım maddi çətinliklər içərisində yaşamasına baxmayaraq, bizə miras olaraq yeddi şeir toplusu və neçə-neçə məqalələr qoyub”. 
   Tədbirin bədii hissəsində aktyorların ifasında Almas İldırımın unudulmaz şeirləri səsləndirildi, sözlərinə bəstələnmiş musiqilər təqdim edildi. 
   
   Lalə Azəri