İyunun 1-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə “İslam həmrəyliyi ili” ilə əlaqədar tədbir keçirilib. 
   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunmasından, ölkəmizdə keçirilən silsilə tədbirlərdən, 12-22 may tarixində Bakıda uğurla baş tutan IV İslam Həmrəyliyi Oyunlarından danışıb. 
   Sonra Qahirə Universitetinin professoru, ədəbiyyat üzrə Dövlət mükafatı laureatı Əhməd İbrahim Dərviş Məhəmməd “İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın rolu” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan alimlərinin, ədiblərinin islam həmrəyliyində əvəzsiz xidmətlərindən söz açıb.
   Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Əl-Aydi bildirib ki, paytaxtımızda yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi Oyunları islam həmrəyliyinin ən gözəl təcəssümüdür. 
   Sonda qonaqlara Milli Kitabxana və ölkəmizlə bağlı kitablar hədiyyə edilib. 
   
   Lalə Azəri