Mayın 31-də Naxçıvan Dövlət Universitetində Azərbaycanın kütləvi informasiya vasitələrinin rəhbərlərinin, muxtar respublikanın media orqanları əməkdaşlarının iştirakı ilə “Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfrans keçirilib.
Konfransda universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. Prorektor bu ali təhsil müəssisəsi ilə ölkəmizdə fəaliyyət göstərən mətbu orqanlar arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib, media nümayəndələrini Azərbaycanın qədim dilbər guşəsi olan Naxçıvanın turizm potensialının təbliğində fəal iştirak etməyə dəvət edib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ölkənin aparıcı media rəhbərlərinin Naxçıvana səfərinin sayca ikinci olduğunu bildirib. Qeyd edib ki, ötən ilin oktyabrında reallaşan səfər zamanı biz tarixi və mədəni abidələrlə zəngin olan Naxçıvanın böyük turizm potensialına malik olduğunu bir daha gördük. Bu konfransın keçirilməsində əsas məqsəd ölkəmizin aparıcı kütləvi informasiya vasitələrində Naxçıvanın mövcud turizm potensialının tanıdılmasına, təbliğ edilməsinə töhfə verməkdən ibarətdir.
Konfransda Naxçıvan Dövlət Universitetinin müəllimi Şəhla Şirəliyevanın, “Şərq qapısı” qəzetinin əməkdaşı Əli Cabbarovun, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərlərinin çıxışları dinlənilib. Çıxışlarda Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolundan danışılıb, bu sahədə əlaqələrin genişləndirilməsi üçün təkliflər səsləndirilib.
Qeyd olunub ki, qeyri-neft sektoru üzrə respublikamızın turizm gəlirlərinin həcmi ildən-ilə artmaqdadır. Naxçıvan da ölkəmizin mühüm turizm bölgələrindəndir. Muxtar respublikanın turizm potensialı turistlərin diqqətini cəlb edir. Turistlərə xidmət göstərən gömrük-keçid məntəqələri, beynəlxalq hava limanı, yol-nəqliyyat infrastrukturu, müasir standartlara cavab verən mehmanxanalar, zəngin milli mətbəx təklif edən yeməkxana və restoranlar, qədim və zəngin tarixi-mədəni irs Naxçıvana gələn turistlərin sayının artmasına səbəb olub. Naxçıvan müalicə-rekreasiya, dini-ziyarət məqsədilə səyahət edən turistlərin ən çox müraciət etdikləri məkana çevrilib.
Diqqətə çatdırılıb ki, formalaşan turizm potensialından səmərəli istifadə etmək üçün tələb olunan çox ciddi təşkilati-kadr məsələləri ilə yanaşı, sözsüz ki, təbliğat mexanizminin də uğurlu olması mühüm amildir. Bu baxımdan, məqsədyönlü şəkildə həyata keçirilən təbliğat vasitəsilə turizmdən əldə olunan nəticələri dəfələrlə yaxşılaşdırmaq mümkündür.