Azərbaycanda 3D formatlı ilk animasiya filmi çəkilir
   
   Ekran əsəri kimi bədii xüsusiyyətləri ilə yanaşı, yüksək texniki inkişafı da özündə əks etdirən cizgi filmləri dünya kino bazarında kifayət qədər gəlir gətirən sahədir. Təkcə uşaq və yeniyetmələrin deyil, elə böyüklərin də maraqla izlədiyi və sevdiyi cizgi filmlərini ərsəyə gətirmək məsuliyyət tələb edən işdir. Son zamanlar 3D formatlı animasiyanın yaranması isə cizgi filmlərinin çəkilməsində əsl inqilab yaratdı. Azərbaycanda da kino sahəsinin inkişafı istiqamətində görülən işlər cizgi filmlərindən yan ötməyib. 
   
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq 3D formatlı “Cırtdan və Təpəgöz” adlı animasiya filmi çəkilir. Animasiya filminin “Milli kino günü” ərəfəsində (2 avqust) təhvil verilməsi nəzərdə tutulub.
   Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov cizgi filmi sahəsində rəqabətin yaradılmasının vacibliyi haqda danışdı: “Son illər cizgi filmləri sahəsində vəziyyət o qədər də ürəkaçan deyil. Sifarişləri “Azanfilm” kinostudiyasına verirdik. Lakin bu istiqamətdə rəqabət yaratmaq üçün belə bir üsula əl atdıq: eyni zamanda həm “Azanfilm” kinostudiyasına, həm animator Firəngiz Qurbanovaya (“Mozalan” studiyası) bir cizgi filmi, eləcə də Azərbaycanda ilk dəfə 3D formatında animasiyanın çəkilməsi üçün müstəqil qrupa (“Üç dost production”) sifariş verdik. Bu işlərdən hansı daha uğurlu olsa, gələcəkdə onlarla işləməyə üstünlük verəcəyik. “Cırtdan və Təpəgöz” 3D animasiyasının müstəqil qrup tərəfindən həyata keçirilməsinə baxmayaraq nazirlik tərəfindən Arif Məhərrəmovu rejissor təyin etmişik. İşi nəzarətdə saxlayırıq. Çünki Mədəniyyət və Turizm Nazirliyi olaraq bu rəqabətin nəticələri bizim üçün önəmlidir. Müasirliyi, dünyəviliyi və eyni zamanda milliliyi özündə birləşdirərək göstərə bilən cizgi filmlərinin çəkilməsini istəyirik. Bizim özümüzün cizgi qəhrəmanları formalaşmalıdır və gələcəkdə çəkiləcək cizgi filmləri 3-5 dəqiqəlik deyil, serial şəklində, davamlı olsun. Dünya bazarında da animasiyaya böyük tələbat var və bu bazara çıxa biləcək animasiyaların hazırlanması mühüm məsələdir. Ona görə bu sahədə professionalların formalaşmasında maraqlıyıq”.
   “Cırtdan və Təpəgöz” animasiyasının rejissoru Arif Məhərrəmov hazırlıq mərhələsinin arxada qaldığını bildirdi: “Formatına (3D) və həcminə görə ilk belə işdir. Filmin ssenarisini Yusif Şeyxovla birgə işləmişik. Prosesdə kompyuter animatorları Rəşad Əfəndiyev və Yusif Qabilov (“Üç dost production” qrupu) da iştirak ediblər. Hazırlıq mərhələsi arxada qalıb, artıq canlandırma dövrüdür. Ən mürəkkəb mərhələlərdən biri də personajların eskizlərinin hazırlanması idi. Animasiyanın rəssamı Ramil Əliyevdir. O, dörd əsas personajı - Cırtdan, cırtdanın dostu Qaqa (tutuquşu), Təpəgöz və dostu Eybəcər adlı qarğa eskizlərini müasir üslubda hazırladı.
   Nağıl olmasına baxmayaraq müasirliyə daha çox yer vermişik. Süjet belədir ki, Cırtdan böyümək arzusundadır, balaca olmağından çox narazıdır. Dostu Qaqa isə ona kömək edə biləcək alma tapır. İldə bir dəfə bar gətirən və bütün xəstəliklərin şəfası olan həmin almanı isə Təpəgöz qoruyur. Çırtdanla Qaqa internet vasitəsilə həmin alma ağacının yerini tapır və onun axtarışına yollanırlar. Burada Cırtdanla Təpəgözün mübarizəsi başlayır.
   Düşünürük ki, mümkün olduğu təqdirdə bunu serial şəklində davamlı çəkək. Cırtdan 13 yaşlı, müasir geyimdə bir personajdır. Nağıldan fərqli olaraq daha iddialı Cırtdan görürük. Təpəgöz isə tək qulaq, tək gözlüdür. İlk belə iş olduğu üçün çalışırıq bazara çıxarılası iş olsun. Baxmayaraq ki, kompyuter qrafikası ilə hazırlanır, burada bədiiliyin qanunlarına, tələblərinə əməl olunmalıdır”.
   Cizgi filmi üzərində çalışan qrafik animator Rəşad Əfəndiyev 3D animasiyasının texniki tərəflərindən danışdı: “Təxminən 3 aydır ki, çəkilişə başlamışıq. Ən çətin mərhələləri artıq keçmişik. Kompyuter qrafikası ilə personaj hazırlamaq çətin prosesdir. 6-8 dəqiqəlik cizgi filmi üzərində iki qrafist-dizayner işləyirik və təxminən 6-8 ay vaxt sərf olunacaq. Digər ölkələrlə müqayisə etsək, məsələn, Hollivudda bir animasiya üzərində çoxlu sayda qrafist və rəssam çalışır. İş də sürətli gedir. Məşhur “Şrek” cizgi filmi iki ilə çəkilib. Həmçinin hazırda dünyada mo-cap sistemi ilə animasiyalar çəkilir ki, bu da canlı aktyorlara qoşulan ötürücülərlə informasiyanın kompyuterə köcürülməsidir. “Avatar” filmində olduğu kimi. Bizdə isə texniki imkanlar bir qədər zəifdir. Lakin çalışırıq ki, müasir texniki tələblərə cavab verən animasiya hazırlayaq.
   Nağıl müasir motivlər əsasında hazırlanır, internetlə bağlı məqamlar var. Həmçinin Cırtdanın daxili aləmi, onun bir qıza olan sevgisi verilir. Bu, uşaqlar üçün maarifləndirici animasiya olacaq. Bizdə də texniki göstəricilərinə görə müasir standartlı animasıyanın çəkilməsi müsbət haldır. İlk iş olmasına baxmayaraq, düşünürəm ki, uğur qazanacaq.”
   Qeyd edək ki, hazırda ölkəmizdə ildə cəmisi 2-3 cizgi filmi istehsal edilir. Onların nümayişi və təbliğatı sahəsində iş arzuolunan səviyyədə deyil. Bu xüsusda məktəbli və ya bağça uşaqları üçün filmlərin nümayişləri təşkil edilməlidir. Cizgi film qəhrəmanlarını formalaşdırmaq və onları sevdirmək üçün çəkiliş prosesindən sonrakı təbliğat mərhələsinin də həyata keçirilməsi vacibdir.
   
   Reyhan İsayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar