İyunun 6-da Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi - İLESAM üzvü olan türk yazıçı və şairlərinin oxucularla görüşü keçirilib.
Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq ötən il yaradılan “Açıq kitabxana”nın fəaliyyətindən, sənətin, poeziyanın kütləviləşməsindən danışıb. Direktor ötən ay Azərbaycan Milli Kitabxanası ilə İLESAM arasında bağlanmış əməkdaşlıq müqaviləsini xatırladıb, bu tədbirin əməkdaşlığın ilk addımı olduğunu qeyd edib.
İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız bu ilin sonunadək türk şair və yazıçılarının əsərlərindən ibarət 15 min nüsxə ədəbiyyatın Bakıya gətiriləcəyini və 16 regionun kitabxanasına paylanacağını bildirib. O, çıxışının sonunda “Şimdi ölsəm” şeirini səsləndirib.
İLESAM-ın Azərbaycan təmsilçisi, Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Bakıda qurumla birgə keçirilən tədbirlərdən danışıb.
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Açıq kitabxana”nın gözəl tədbirlər məkanı olduğunu vurğulayıb, şeirlərindən birini oxuyub.
Milli Kitabxananın şöbə müdiri, Yazıçılar Birliyinin üzvü Səyyarə Məmmədli “Dünyam türk dünyasıdır” adlı şeirini söyləyib.
Sonda müəlliflər kitablarını oxucular üçün imzalayıblar.