İyunun 6-da görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun anadan olmasının 100 illiyi münasibətlə tanınmış teatr xadiminin ailə üzvləri, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, ölkənin teatr ictimaiyyətinin nümayəndələri sənətkarın II Fəxri xiyabandakı məzarını ziyarət etdilər.
Zəfər Nemətovun məzarı başında əvvəlcə onun ruhuna dualar oxundu.
Sonra sənətkarın oğlu, Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemət çıxış etdi. Bildirdi ki, Zəfər Nemətovun 100 yaşını ailə çərçivəsində qeyd etmək istəsə də, Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin istəyi ilə geniş anım mərasimi keçirmək qərarına gəliblər. Əslində bütün ömrünü Azərbaycan teatrının inkişafına həsr etmiş Zəfər Nemətovun əzizlərinin sayı bir ailəyə sığmır. Bir çox müqtədir aktyorlar onun qayğısı sayəsində teatra gəliblər, onun quruluş verdiyi tamaşalarla məşhurlaşıblar. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının öz binasının olmasında da Zəfər Nemətovun xidməti böyükdür.
Azər Paşa Nemət mərasimə toplaşanlara minnətdarlığı bildirdi: “Bu gün bu qədər ziyarətçisi olan Zəfər Nemətovun ruhu şaddır. Gələn ayaqlarınız var olsun, atamın xatirəsinə bəslədiyiniz hörmət və ehtirama görə hər birinizin qarşısında baş əyirəm”.
Sonda Zəfər Nemətovun məzarı önünə Mədəniyyət və Turizm Nazirliyi, ayrı-ayrı teatrların adından əklillər qoyuldu, teatr ictimaiyyətinin nümayəndələri görkəmli sənətkarın məzarı önündə xatirə şəkli çəkdirdilər.
G.Mirməmməd