Xəbər verdiyimiz kimi, Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "İslam sivilizasiyası uşaqların gözü ilə" mövzusunda rəsm və əl işlərindən ibarət II respublika müsabiqəsinin sərgisi açılıb.
Müsabiqə ölkə başçısı tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi, habelə 12-22 may tarixində Bakıda gerçəkləşən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirilib. Müsabiqəyə respublikanın uşaq incəsənət və rəssamlıq məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiya və dərnəklərindən 350-dən yuxarı rəsm və əl işi təqdim edilib.
Sərginin açılışı ilə bərabər müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi də keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə elan edilmiş “İslam həmrəyliyi ili”nin və IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən, dövlət tərəfindən uşaq, yeniyetmə və gənclərə göstərilən dövlət qayğısından danışıb, qalibləri təbrik edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəkləndiyini və yetişməkdə olan gənc nəslin də bu ruhda böyüməsinin vacibliyini vurğulayaraq, yeniyetmə və gənclərə təhsildə və yaradıcılıqda uğurlar arzulayıb.
Sonra xalq rəssamları Ağəli İbrahimov və Arif Hüseynov, Əməkdar mədəniyyət işçisi Dilarə Atakişiyevadan ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilən iki yaş qrupu üzrə 22 nəfər qalibə və fərqlənənlərə diplom, fəxri fərman və mükafatlar təqdim olunub.
Müsabiqədə Bakı şəhər V.Mustafazadə adına 2 nömrəli və 3 nömrəli uşaq incəsənət məktəblərinin, Sumqayıt şəhər Ə.Bakıxanov adına 1, Bülbül adına 2 və S.Rüstəmov adına 3 nömrəli, Quba və Qusar şəhər uşaq incəsənət, Gəncə və Lənkəran şəhər uşaq rəssamlıq məktəblərinin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının, Siyəzən rayon Mədəniyyət mərkəzinin və “Günxan Art” studiyasının şagirdləri fərqləniblər. Qax şəhər Uşaq incəsənət məktəbinin 5 şagirdi isə xüsusi fərqlənərək hər iki yaş qrupu üzrə mükafatlandırılıblar.
Mərasimdən sonra sərgilənən rəsm və əl işlərinə baxış keçirilib.