İyunun 6-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin son yadigarı, Əməkdar rəssam Rais Rəsulzadənin fərdi sərgisinin açılışı oldu.
Tədbiri ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq R.Rəsulzadəni gənclik illərindən tanıdığını, bir vaxtda təhsil aldıqlarını söylədi. Bildirdi ki, həmkarı həm yağlı boya, həm də sulu boya texnikası ilə işləyir: “Rais Rəsulzadə gözəl rəssam olmaqla bərabər, çox təvazökar insandır. Sənətdə həmişə axtarışdadır. Sərgidə Azərbaycanın gözəl guşələrinin rəsmlərini görəcəksiniz”.
Milli Məclisin deputatı, akademik Rafael Hüseynov tədbiri Azərbaycan mədəniyyətinin bayramı, çağdaş boyakarlığımızın istedadlı nümayəndələrindən olan R.Rəsulzadənin fərdi sərgisinin açılmasını onun sənət bioqrafiyası üçün parlaq hadisə adlandırdı: “Rais Rəsulzadənin bütün yaradıcılığını göz önünə alanda görürük ki, onun yaradıcılığının qəhrəmanı Azərbaycan, onun təbiəti, varlığıdır. Onu başqa rəssamlardan fərqləndirən cəhət odur ki, o, Rəsulzadədir”.
Milli Məclisin deputatı Fazil Mustafa isə qeyd etdi ki, R.Rəsulzadə Azərbaycan cəmiyyətində yerini, mövqeyini özü əldə edib, o, babası M.Ə.Rəsulzadənin təkcə bioloji varisliyini deyil, onun alicənablığını, mədəniyyətini də yaşadır.
Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov sərgi ilə bağlı nazir Əbülfəs Qarayevin salamını və təbrikini iştirakçılara çatdırdı. O qeyd etdi ki, belə bir sərginin təşkili Rais müəllimin yaradıcılığına və şəxsiyyətinə diqqətin örnəyidir. Onun yaradıcılığı incəsənətimizdə ayrıca yer tutur.
ARİ-nin məsul katibi, Əməkdar incəsənət xadimi Rafiq Kərimov sərgi münasibətilə rəssamı təbrik etdi. Tarixçi Nəsiman Yaqublu aprel ayında Türkiyədə R.Rəsulzadənin fərdi sərgisinin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, rəssamlıq Rəsulzadələr nəslinin qanındadır. M.Ə.Rəsulzadənin axund olan atasının gözəl xəttatlıq bacarığı varmış. O öz əli ilə köçürdüyü və bəzək vurduğu Quranı vaxtilə Sultan Həmidə göndəribmiş.
Sonda R.Rəsulzadə çıxış edərək sərginin təşkilində zəhməti keçənlərə, onu sayıb gələnlərə sayğısını bildirdi.
Ardınca sərginin açılışı oldu. Ekspozisiyada rəssamın 100-ə qədər yağlı boya əsəri nümayiş etdirilir. Əsərlərin çoxu mənzərə janrındadır. Bu əsərlər yurdumuzun müxtəlif bölgələrinə rəssamın səfərləri zamanı yaranıb. Sərgidə portret, natürmort, süjetli janrlarda da əsərlər var. Ümumiyyətlə, rəssam indiyə kimi 800-dən çox əsər yaradıb.
S.Qaliboğlu