Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən ötən ilin oktyabrında Bakıda Serbiyanın Pirot kilimlərindən ibarət sərgi keçirilmişdi. Bu əməkdaşlığın davamı olaraq iyunun 1-də Belqrad Etnoqrafiya Muzeyində “Əvəzolunmayan dəyərlər” adlı sərgi açılıb.
Sərgi Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub. Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, dizayneri tanınmış avstriyalı memar Kristian Şturmingerdir.
Tədbirdə çıxış edən Belqrad Etnoqrafiya Muzeyinin direktoru Miryana Menkoviç, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Serbiyadakı Azərbaycanın Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə, Serbiya Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndəsi iki ölkənin mədəni əməkdaşlığından bəhs ediblər, qarşılıqlı sərgilərin bu əməkdaşlığa töhfə verdiyini vurğulayıblar.
İyul ayının 1-dək davam edəcək sərgidə 47 eksponat - XIX-XX əsrlərə aid xovsuz və xovlu xalçalar, xalça məmulatları, görkəmli xalçaçı-rəssam, Azərbaycan Xalça Muzeyinin banisi Lətif Kərimovun müəllif xalçaları, eyni zamanda XIX əsrə aid misgərlik, bədii tikmə və milli geyim nümunələri də təqdim olunur.
Tədbir zamanı Azərbaycanın Serbiyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə serb və azərbaycanlı musiqiçilərin ifasında muğam və mahnılarımız səsləndirilib.
İyunun 2-də isə Belqrad Etnoqrafiya Muzeyində Xalça Muzeyinin direktoru Şirin Məlikova “Dünyada ilk xalça muzeyinin yarıməsrlik yubileyi” adlı mühazirə ilə çıxış edib. Mühazirəni Belqrad İncəsənət Universitetinin Dizayn fakültəsinin və Belqrad İncəsənət Akademiyasının tələbələri, rəssamlar və Belqrad muzeylərinin əməkdaşları dinləyiblər. Mühazirə zamanı bu ilin oktyabrında Bakıda keçiriləcək Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium və onun çərçivəsində təşkil olunacaq xalça turu haqqında da ətraflı məlumat verilib.