İyunun 6-dan 10-dək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək “Orteke“ V Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edəcək.
İki ildən bir keçirilən festivalın təşkilində məqsəd müasir teatr meyllərinin öyrənilməsi və kukla sənətinin ayrı-ayrı qollarının təbliğ olunmasıdır. Türküstan və Şimkənd şəhərlərində keçirilən sənət bayramında Azərbaycan Dövlət Kukla Teatrı “Zəng” monotamaşası ilə təmsil olunacaq.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Tamaşada teatrın aparıcı aktyoru Rəhim Rəhimov oynayır.