İldə nə qədər irili-xırdalı yubiley tədbiri keçirilir? Bilən varmı? Bəs bu yubileylərin neçəsi yadda qalır? İştirak etdiyiniz, lap elə televizorda lent yazısını seyr etdiyiniz neçə yubiley tədbirinin adını çəkə bilərsiniz? Yaddaşınıza yüngülcə ekskurs edib elə özünüz üçün ötəri bir statistika aparın. Birinci ilə müqayisədə çox kiçik bir rəqəm alınacaq yəqin ki... 
   Ötən cümə günü, iyunun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli aktyor, ömrünü bu teatra həsr etmiş Xalq artisti Yusif Vəliyevin 100 illik yubiley gecəsində iştirak edənlər bu tədbiri ilin ən yaddaqalan yubileylərindən biri hesab edə bilərlər. 
   Həmin gün böyük aktyorun məzarı ziyarət edilmiş, teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, «Azərbaycanfilm» kinostudiyasının direktoru Müşfiq Hətəmov, Əməkdar artist Ənvər Həsənov sənətkar haqqında ürək sözlərini bölüşmüşdü.
   Axşam isə Yusif Vəliyev xatirəsinin işığına yığışanlar çox idi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirə gələnlər foyedə onun yaradıcılığından bəhs edən fotosərgi ilə tanış oldular, tez-tez tamaşa etdikləri filmlərdə, nə zamansa baxdıqları tamaşalarda Yusif Vəliyev sənəti ilə ünsiyyətin təəssüratını bir daha yaşadılar. 
   Səhnənin tən ortasında qurulmuş ekran, onun yanında yerləşdirilmiş qrim masası, masanın böyründə asılmış əlbisə, gecənin aparıcılarının, Yusif Vəliyevi daha yaxından tanımaq şərəfinə nail olmuş şəxslərin səhnənin hər iki cinahında əyləşməsi - tədbirin rejissoru, Xalq artisti Vaqif Əsədovun səhnədən salona ötürdüyü bir ismarışın alt qatı bu demək idi: Yusif Vəliyev bu teatrın fəxri olub, onun xatirəsi bizə əzizdir, böyük aktyorun yeri bizim üçün həmişə yuxarı başdadır. 
   Əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin apardığı xatirə gecəsində Yusif Vəliyev ilə eyni səhnəni paylaşmış, kamera önündə dayanmış aktyorlar xatirələrini danışdılar. Böyük aktyorun sənət bioqrafiyasından çoxlarına məlum olmayan ilginc faktları isə İlham müəllim dilə gətirdi. 
   Sən demə, Yusif Vəliyevin ali təhsili olmayıb. Bakı Teatr Texnikumunun məzunu imiş...
   Hələ texnikumda oxuyarkən Bakı Yəhudi Teatrında aktyorluq edib. Bilmədiyi dildə mətni əzbərləyib səhnədə rol oynayarmış...
   Təyinatla işlədiyi Şəki teatrı bağlandıqdan sonra Bakıya gəlib. Bir qədər Rus Dram Teatrında işləyəndən sonra 1949-cu ildən ta ömrünün sonunadək Azərbaycan Gənc Tamaşaçılar Teatrında çalışıb... 
   Bu teatrda işlədiyi illərdə ali təhsil diplomu almış gənclərə öz fitri istedadı sayəsində, şəxsi nümunəsi ilə əsl ustad dərsləri keçib. 
   Yusif Vəliyevin rol aldığı filmlərdən fraqmentlərin nümayişi arasında onunla birgə kinokameranın önündə dayanmış xalq artistləri Rasim Balayev («Nəsimi») və Rafiq Əzimov («Arxadan vurulan zərbə»), əməkdar artistlər Ənvər Həsənov («Uşaqlığın son gecəsi») və Ötkəm İsgəndərov («Tütək səsi») filmlərin çəkilişi zamanı baş vermiş maraqlı əhvalatları söylədilər. Onun aktyorluq məharətindən, plastika və mimikadan yerində və qədərində işlətmək bacarığından bəhs etdilər. 
   Xalq artisti Tariyel Qasımovun xatirələrində isə Yusif Vəliyev bu teatra ümumittifaq şöhrəti gətirmiş «Söhrab və Rüstəm» tamaşasının baş qəhrəmanlarından biri, onun misilsiz tərəf-müqabili idi. Xalq artisti Yasin Qarayev üçün isə Yusif müəllim öz ifası ilə onu aktyorluq sənətinə həvəsləndirən, sonralar eyni səhnəni paylaşdığı, hətta qonşu olduğu iş yoldaşı idi. Məsləhətlərindən hər zaman öyrəndiyini deyən Əməkdar artist Almaz Mustafayeva isə yubilyarı gənclərin potensialını görən ustad, səhnədə isə əvəzsiz tərəf-müqabil kimi səciyyələndirdi. 
   Qismətinə çalışdıqları teatrın bu titan aktyoru barədə xatirələri dinləmək düşmüş gənclər - Əməkdar artist Elşən Rüstəmov, aktyorlar Günel Məmmədova, Səbinə Məmmədova, Elnur Kərimov Səməd Vurğunun «Dünya» şeirini söylədilər. 
   Xatirə gecəsinin sonunda mərhum aktyorun həyat yoldaşı, aktrisa Zemfira Sadıqova çıxış edərək özünün və ailə üzvlərinin adından teatrın rəhbərliyinə, gecənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.
   * * *
   Xatirə tədbiri iki saatdan bir qədər çox çəkdi. Amma tədbir boyunca kimsə Yusif Vəliyevin sənət nuruna bələnmiş məkanı tələsik tərk etmədi. Əgər onları salonda saxlayan bir səbəb böyük aktyorun ruhuna ehtiram idisə, digər səbəb də tədbirin maraqlı təşkil edilməsi, məclisə səmimi ortamın hakim olması idi. Bir sözlə, o gün Yusifin günü idi. 
   
   G.Mirməmməd