Ölkəmizin ictimai-mədəni həyatında iz qoyan ziyalılardan biri də Abuzər bəy Rzayevdir. O, ötən əsrin əvvəllərində Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olub, ictimai xadim kimi tanınıb.
   Abuzər Əsgər bəy oğlu Rzayev 1873-cü ildə Gəncə şəhərində dünyaya göz açıb. İlk təhsilini şəhərdəki mədrəsədə alıb, sonra Tiflis şəhərində “Realnı məktəb”də oxuyub. Moskvada texniki məktəbdə təhsilini başa vurduqdan sonra inşaatçı-mühəndis kimi 1899-cu ildə Gəncəyə qayıdır. 
   Sonra Bakıya gələrək Musa Nağıyevin və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənində işə düzəlir. Az vaxt ərzində işgüzarlığı ilə kollektivin hörmətini qazanır, mədənlərdən birinə müdir təyin edilir. Ancaq çox keçmir zavod və fabriklərdə, əksər neft mədənlərində iğtişaşlar baş verir. O, 1909-cu ildə Gəncə şəhərinə qayıdır. Şəhər idarəsi başçısının müavini təyin olunur. Gəncənin içməli su təchizatını öz nəzarətində saxlayır. Bu sahədə böyük fəallıq göstərir. Eyni zamanda inzibati və yaşayış binalarının layihələşdirilməsinə diqqəti artırır. Onun rəhbərliyi və layihəsi əsasında xeyli inzibati və yaşayış evi tikilir.
   A.Rzayev Hacı Zeynalabdin Tağıyevin məsləhəti ilə 1916-cı ildə yenidən Bakıya köçür. 1917-ci ildə çar II Nikolayın devrilməsindən sonra ölkədə yenidən sabitlik pozulur, dövlət idarələrində, fabrik və zavodlarda iş dayanır. A.Rzayev yenidən Gəncə şəhərinə qayıdır. Gəncə Quberniya İcraiyyə Komitəsində işə düzəlir. 
   1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulur. A.Rzayev 19 noyabr 1918-ci ildə Gəncə şəhərindən Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilir və “Bitərəflər” fraksiyasında təmsil olunur. Parlamentin Maliyyə-büdcə komissiyasının üzvü, sonra isə sədri olur. Azərbaycanda demokratik dövlətin inkişafı yolunda geniş ictimai-siyasi iş aparır. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra o, yenidən Gəncəyə qayıdır, xeyriyyəçiliklə məşğul olur. 
   Çox keçmir, milli hökumətin üzvlərinin həbsinə qərar verilir. A.Rzayev inqilabi hökumət tərəfindən əks-inqilabçı kimi həbs edilir. 15 iyun 1920-ci ildə, 43 yaşında Azərbaycan Fövqəladə Komissiyasının qərarı ilə güllələnir. 
   Tədqiqatçı alim, professor Şirməmməd Hüseynov araşdırmasında yazır ki, A.Rzayev həm də gözəl ailə başçısı olub. Qızı Züleyxa Rzayeva Azərbaycan Tibb Universitetinə daxil olub. Lakin II Dünya müharibəsi illərinin çətinlikləri üzündən IV kursdan sonra təhsilini davam etdirə bilməyib. 
   Almaniyada ali təhsil alan və mühəndislik ixtisasına yiyələnən oğlu Səməd 1922-ci ildə Türkiyəyə, Əsgər isə 1925-ci ildə İrana gedib. Sovet hökumətinin qorxusundan qürbətdə yaşamağa məcbur olublar.
   
   Savalan Fərəcov