Kino tariximizdən
Mədəniyyətdə, elmdə, təhsildə, cəmiyyətin inkişafına xidmət edən digər sahələrdə çalışan adamlar mütləq əsl ziyalı olmalıdırlar. Belə olan halda ziyalılıq onun peşəkar kimi işindən başqa davranışında, insanlara münasibətində özünü aydın göstərir. Bu cür insanlar cəmiyyəti işığa, nikbinliyə, irəliyə apara bilirlər.
Əməkdar incəsənət xadimi, istedadlı kinooperator Əsgər Cəfər oğlu İsmayılov (1905-1983) belə ziyalı insanlardan idi. Onun davranışı, özünü aparması, təvazökarlığı həmkarlarının diqqətindən heç vaxt yayınmırdı. Bu keyfiyyətlərinə görə onu sevir, ona hörmət edirdilər.
Əsgər İsmayılov 1905-ci ildə Tiflisdə doğulmuşdur. Ailəsi Bakıya köçəndən sonra burada Fəhlə Məktəbini bitirir. Uşaqlıqdan fotoqrafiyaya, rəssamlığa maraq göstərən gənc Əsgər 1928-ci ildə Moskvaya gedir və Ali Rəssamlıq-Texniki İnstitutuna daxil olur. İki ildən sonra o, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna köçürülür. Böyük həvəslə kinooperatorluq sənətinin incəliklərinə yiyələnir. 1936-cı ildə təhsilini başa vuraraq Bakıya qayıdır və “Azərfilm” kinostudiyasında çəkilişinə hazırlıq görülən “Almaz” bədii filminin yaradıcı heyətinə daxil olur. “Almaz” filminin quruluşçu operatorları Ə.İsmayılov və İ.Frolov idi.
Filmə kinodramaturq C.Cabbarlı özü quruluş verməyə hazırlaşırdı. Lakin hazırlıq dövrü başa çatandan sonra o, vəfat edir. Filmə rejissorlardan A.Quliyev və Q.Braginski quruluş verməli olurlar. “Almaz” kinopovesti rejissor C.Cabbarlının şəxsən seçdiyi Şamaxıdakı bağ-bağatlı Dədəgünəş kəndində çəkilmişdir. İstər kənd mənzərələri, istərsə də qəhrəmanların - Almazın, Yaxşının, Hacı Əhmədin, Şərifin, Fatmanisənin, Mirzə Səməndərin portretləri sənətkarlıqla lentə alınmışdır. Filmdə dramatik səhnələr çoxdur. Hadisələrin inkişafı prosesində baş verən dolaşıq məsələlər, vəziyyətin gərgin şəkil alması qəhrəmanların haldan-hala düşmələrinə səbəb olur. Nəzərə alsaq ki, film səssiz idi, deməli, hər bir qəhrəman öz fikrini, düşüncələrini jestlərlə, sifətindəki cizgilərlə ifadə edirdi. Bütün bunları inandırıcı şəkildə ekrana çıxarmaq üçün təkcə aktyorlardan deyil, kinooperatorlardan da peşəkarlıq tələb olunurdu. Onlar bu işin öhdəsindən bacarıqla gəlmişdilər.
Hər hansı bir filmə baxanda tamaşaçılar ekranda nə baş verirsə onu izləyirlər. Amma onlar filmin necə çəkilməyinin fərqinə varmırlar. Ona görə də operator sənəti haradasa kölgədə qalır. O mənada ki, çox nadir hallarda tamaşaçı operator haqqında rejissor qədər məlumatlı olur. Bu həmişə belə olub, indi də belədir. Amma rejissorlar başqa cür yanaşırlar bu məsələyə. Yəni onlar film çəkməyə başlayanda operatorların içərisindən özlərinə həmfikir axtarırlar.
Kinooperator Ə.İsmayılov yaxşı həmfikir idi. Ona görə də rejissorlar onu öz yaradıcı qruplarında görməyə üstünlük verirdilər. Əsgər müəllim quruluşçu operator kimi “Kölgələr sürünür” macəra filmində rejissorlardan İ.Əfəndiyev və Ş.Şeyxovla, “Qara Daşlar” (oper. X.Babayevlə birgə) kinopovestində, “Bəxtiyar” kinonovellasında A.Quliyevlə, “Sovqat”da H.Seyidzadə və N.Bədəlovla, “Bir ailə” kinoalmanaxının bir novellasında R.Təhmasiblə, “Əyri yolla qazanc”da Ş.Mahmudbəyovla, “Qəribə əhvalat”da Ş.Şeyxovla, II operator kimi “Səbuhi”də R.Təhmasiblə, “Səhər”də A.Quliyevlə, operator kimi “Kəndlilər”də S.Mərdanovla işləmişdir.
Onun müstəqil çəkdiyi “Kölgələr sürünür” bədii filmi macəra janrında olduğu üçün operatora öz texniki imkanlarından maksimum istifadə etməyə imkan vermişdir. Filmin əksər hissəsi Azərbaycanın rayonlarında naturada çəkildiyi üçün respublikamızın əsrarəngiz təbiəti - meşələri, dağları məhəbbətlə lentə alınmışdır.
Filmin mövzusu arxeoloqların həyatından götürülmüşdür. Burada elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən danışılır, filmdə müxtəlif yollarla alimlik adı almış, cəmiyyətimizə yad olan adamlar ifşa edilir.
Mövzudan aydın görünür ki, bu filmdə də operator respublikamızın gözəl mənzərələrini tərənnüm etməklə yanaşı, İmamzadə və Cavadov kimi yalançı alimlərin simasında arxeoloqlarımızın işinə maneçilik törədənlərin əsl simalarının üzə çıxarılmasında aktyorlara imkan yaradır. Xüsusilə bəy oğlu İmamzadənin ifşa olunacağından ehtiyat edərək bir-birinin ardınca törətdiyi cinayətlər zamanı cilddən-cildə girməsi səhnələri psixoloji gərginliyi ilə yadda qalır.
Əsgər müəllimin sözləridir: “Demək istədiyini qısa göstərməlisən. Bu, istedadın göstəricisidir”. Operator sanki bu sözləri elə özü üçün demişdir. Bəli, hər bir işin öz çətinlikləri var. Bunun üçün sənət adamından yüksək peşəkarlıq tələb olunur.
“Qara Daşlar” filminə baxarkən bir daha deyilənlər öz təsdiqini tapır. Yazıçı M.Hüseynin eyniadlı romanı əsasında ekranlaşdırılmış bu film neft uğrunda aparılan qəhrəmanlıq mübarizəsindən, qabaqcıl neftçilərin irəli sürdükləri cürətli təşəbbüslərin həyata keçirilməsinə mane olan mühafizəkarlarla yenilikçilərin toqquşmasından, gənclərin əmək fədakarlığından bəhs edir.
Əgər əvvəlki filmlərdə hadisələr Azərbaycanın mənzərəli guşələrində baş verirdisə, bu filmdə əhvalatlar Bakıda və Xəzər dənizinin ortasındakı Qara Daşlarda cərəyan edir. Filmdə bədii cəhətdən həllini tapan bir neçə uğurlu epizod vardır. Bunlardan biri iclas səhnəsidir. Bu səhnədə dəniz neftinin olum, ya ölüm məsələsi həll olunur. Digər epizod Qara Daşlar deyilən yerə ekspedisiyanın gedib neft axtarması ilə bağlıdır. Dənizin ortasında sal daşlar üzərində çadır qurmuş neftçilərin təbiətin ağır sınaqlarına cəsarətlə sinə gərməsi uğurlu alınmışdır. Hər iki epizod kinooperator tərəfindən maraqlı və inandırıcı işlənmişdir.
Film barədə “Bakinski raboçi” qəzeti yazmışdı: “Qara Daşlar” Bakı kinostudiyasının əvvəlki filmlərindən nisbətən bütövlüyü ilə seçilir, sovet incəsənətinin aparıcı mövzusuna həsr olunduğu üçün bu film Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutur”. Şübhəsiz, filmə verilən qiymətin qazanılmasında bütün yaradıcı qrupla bərabər operatorlardan Ə.İsmayılov və X.Babayevin də xüsusi zəhməti vardır. Onlar portret kadrlarda, peyzaj kompozisiyalarında və dənizdə yanğın kimi texniki cəhətdən mürəkkəb səhnələrdə kamil sənətkar olduqlarını göstərə bilmişlər.
Əgər Ə.İsmayılovun işlərini nəzərdən keçirsək filmlərdə mövzu və janr rəngarəngliyini görə bilərik.
1941-ci ildə çəkilmiş “Səbuhi” tarixi bioqrafik filmi böyük Azərbaycan maarifçisi, milli dramaturgiyanın banisi, filosof Mirzə Fətəli Axundovun gənclik illərinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Qəhrəmanın həyatı ilə bağlı hadisələrin
ekranda öz əksini tapmasında, filmin ayrı-ayrı dramatik səhnələrinin (kəndlilərin ağır həyat tərzinə dözməyib üsyan edərkən, jandarm dəstələri tərəfindən gülləbaran olunması) lentə alınmasında operatorlardan D.Feldman və Ə.İsmayılov əsl ustalıq nümayiş etdirmişlər.
Yazıçı M.Hüseynin eyniadlı romanının motivləri əsasında çəkilmiş “Səhər” tarixi-inqilabi filminin də operatorları D.Feldmanla Ə.İsmayılov olmuşlar. Burada həmçinin 1905-1907-ci illərdə Bakıda baş verən inqilabi hadisələrdən söhbət açılır. Film realist planda çəkilsə də, bu qəbildən olan 30-cu illər filmlərinin ştampından yaxa qurtara bilməmişdir. Bununla belə operatorlar tərəfindən lentə alınmış XX əsrin əvvəllərinin Bakısı, şəhərin ab-havası, neft mədənlərinin o vaxtkı görüntüləri, köhnə məhəllələr, neft mədənlərində çalışan neftçi fəhlələrin etiraz dalğası inandırıcıdır, təbiidir, ona görə də baxımlıdır.
Əsgər müəllimin kinofelyeton janrında çəkdiyi “Qəribə əhvalat” qısametrajlı filmi onun ən maraqlı işlərindən biridir. Kinofelyetonun qəhrəmanı Kefçilov sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Məhz bundan sonra o, çoxlu xoşagəlməz hadisələrlə qarşılaşır. Başına gələn əhvalatlar ona dərs olur. Nəhayət əmin olur ki, belə həyat tərzi heç kimə xeyir gətirə bilməz.
Filmdə Kefçilovun obrazını L.Abdullayev özünəməxsus ustalıqla yaratmışdır. Operatorla aktyorun birgə işi filmin uğurunu təmin etmişdir. Kefçilovun istər sərxoş vəziyyəti, istərsə də Gəncədə milis şöbəsində dindirilməsi, çaşqın vəziyyətdə keçirdiyi psixoloji anlar təbii alınmışdır.
Əsgər müəllim bir neçə sənədli filmin də kinooperatoru olmuşdur. O, hələ tələbə ikən, 1934-cü ildə M.Mustafayevlə birgə “Sınmış qəlblərin haqq-hesabı” kinofelyetonunu çəkmişdir. Bundan başqa Ə.İsmayılov “Xəzər neftçiləri” (rəngli, həm də ssenari müəllifi), “Arazın sahillərində” (oper.qrupu), “Sən bunu bilməlisən” (elmi-kütləvi film), “Sabir” və s. sənədli filmlərini lentə almışdır.
Rəngkar və kinooperator. Hər iki sənət adamı rənglərlə işləyir. Ən böyük rəng ağ və qaradır. Ağ-qaranın özündə çoxlu rəng var. Sadəcə olaraq bunları görmək lazımdır. ”Sabahın xeyir, Bakı!” sənədli filminə baxarkən onun ağ-qara olduğunu unudursan. Filmdə 60-cı illərin müasir Bakısını, küçə və meydanlarını, dənizkənarı bulvarını görürük. Burada şəhər və onun sakinləri, əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açılır. Filmə baxdıqca kinooperator Ə.İsmayılovun doğma şəhərinə vurğunluğunun bir daha şahidi oluruq. Yüksək zövqlə çəkilmiş poetik kadrlar tamaşaçıda xoş əhval-ruhiyyə oyadır.
“Bakıdan Göy-Gölədək” poetik mənzərə filmidir. Bu ilk rəngli Azərbaycan filmi tamaşaçıları doğma ölkəmizə səyahətə çıxarır. Kinooçerk qədim və müasir Bakıya, Bakıdan müxtəlif istiqamətlərə uzanan dəmiryol və şosse yollarına, Gəncəyə, Göy-Gölə həsr olunmuşdur. Biz ölkəmizin ecazkar guşələrini məhz kinooperatorun gözü ilə görür, tanış olur və fəxr edirik.
Ə.İsmayılov filmlərin rəngli çəkilməsi problemini dərindən öyrənəndən sonra kinostudiyada dərnək təşkil etmiş, bu sahə üzrə öz bilik və təcrübəsini həmkarlarına öyrətmişdir. Kino işçilərinə kömək məqsədilə onun təşəbbüsü və redaksiyası altında rəngli film texnikası üzrə xüsusi dərslik alman dilindən tərcümə olunmuşdur.
Kinorejissor A.Quliyev uzun illər bir yerdə çalışdığı həmkarını xarakterizə edərək belə demişdir: “Əsgər İsmayılov çox istedadlı, savadlı, xeyirə-şərə yarayan və həddən ziyadə mədəni şəxs idi”. Əsgər müəllimin xeyirxahlığından danışarkən görkəmli sənətkar, rejissor və operator M.Dadaşovla bağlı əhvalat yada düşür.
...Gənc operator Muxtar Dadaşov nişanlanmağına baxmayaraq, evlənməyə tələsmirdi. Bir gün Əsgər müəllim bunun səbəbini ondan soruşanda cavab çox qısa olur: “Evim çox kiçikdir. Orada toy etmək mümkün deyil” (o vaxtlar şadlıq evləri yox idi. Restoranları da barmaqla saymaq olardı).
Bir neçə gündən sonra Əsgər müəllim mənzilində böyük zalı boşaldıb, M.Dadaşovun ixtiyarına verir. Muxtar müəllim toy edib, gəlin gətirir. Ə.İsmayılov da gördüyü xeyirxah işdən məmnun qalır.
Böyük satirik şairimiz M.Ə.Sabirin gözəl misraları var:
Kim ki, insanı sevər, aşiqi-hüriyyət olur,
Bəli, hüriyyət olan yerdə də insanlıq olur.
Çox vaxt deyirlər ki, sənətkarlar heç vaxt ölmürlər. Həqiqətən də bu belədir. Kinooperator Əsgər İsmayılovun milli kinomuzda xidmətləri böyükdür. Artıq 28 ildir ki, o, aramızda yoxdur. Amma çəkdiyi onlarla film ekranlarda bu gün də göstərilir. Deməli, Əsgər müəllim əsərlərində yaşayır, həmişə də yaşayacaqdır.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi