İyunun 7-də Mədəniyyət və Turizm Nazirliyində nazirin iştirakı ilə Azərbaycan dilinin təkmilləşdirilməsi, qorunması və inkişafı mövzusunda görüş keçirilib. Toplantıda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, İctimai Televiziya və Radio Yayımları Şurasının sədri, akademik Muxtar İmanov, millət vəkili, akademik Nizami Cəfərov, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov iştirak edib.
Dövlət dilinin işlənməsi və fəaliyyəti ilə bağlı qanunvericilikdə və digər normativ hüquqi sənədlərdə müəyyən olunmuş tələblərin yerinə yetirilməsi və bu istiqamətdə nəzarət mexanizminin formalaşdırılması, ölkədə dil quruculuğunun vəziyyəti, Azərbaycan dilinin yenilənməsi, lüğət tərkibinin zənginləşdirilməsi və digər məsələlər müzakirə edilib.
Həm yazılı, həm də şifahi dilin təzahür xüsusiyyətləri, qloballaşma şəraitində Azərbaycan dilinin problemləri barədə söhbət açılıb. Xüsusilə orfoqrafiya qaydalarının, terminologiyanın vəziyyəti, kütləvi informasiya vasitələrinin dil-üslub xüsusiyyətləri barədə mülahizələr səslənib.
Orfoqrafiya və izahlı lüğətlərdə mövcud nöqsanların aradan qaldırılması üçün bu tipli ədəbiyyatların nəşrinin müvafiq təşkilatlarla razılaşdırılması, dil sahəsi üzrə ixtisaslaşmış funksional qurumlar tərəfindən bu yöndə aparılan işlərə ciddi nəzarət edilməsi və “Nitq mədəniyyəti” fənninin təhsil müəssisələrində tədris olunması ilə bağlı fikirlər bildirilib.
Yekunda belə nəticəyə gəlinib ki, Azərbaycan dilinin saflığının qorunması, mətbuatda, reklamlarda dövlət dilinin daha mükəmməl bir şəkildə işlənməsini, dil normalarına riayət olunmasını təmin etmək üçün konkret təkliflər işlənərək Mədəniyyət və Turizm Nazirliyində keçiriləcək növbəti toplantının müzakirəsinə verilsin.