IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarına həsr olunan mərasim keçirildi
   
   İyunun 7-də "Fairmont" hotelində 4-6 may tarixində Bakıda reallaşan IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarına həsr olunmuş mərasim keçirildi.    
   Tədbirdə əvvəlcə "Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda keçirilən IV Forumun yekunlarını əks etdirən videoçarx nümayiş olundu.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğuladı: "Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb. Multikulturalizm və mədəniyyətlərarası dialoqun təbliği Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Bu baxımdan "Bakı prosesi" və Dünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir".
   Nazir diqqətə çatdırdı ki, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı gələn il “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcək. Bu münasibətlə “Bakı prosesi” mükafatı təsis olunacaq və yüksək səviyyəli rəsmilərə təqdim ediləcək.
   Qeyd olundu ki, Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Nüfuzlu beynəlxalq qurumlar - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESCO Foruma tərəfdaş olub.
   IV Forum günlərində 40-dək konfrans, sessiya, panel və digər tədbirlər keçirilib. Beynəlxalq tədbirdə 120-dək ölkə rəsmisi, 38 beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edib. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb.
   Nazir onu da diqqətə çatdırdı ki, Forum çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçirilib. Həmçinin Azərbaycanın təklifi ilə hökumət rəhbərləri və nazirlərin təmsil olunduğu Dünya Forumu Nazirlər Görüşü baş tutub. Forumda ilk dəfə “Bakı prosesi”nə yeni element kimi ekstremizmə qarşı mübarizədə parlamentlərin mədəniyyətlərarası dialoqda roluna xüsusi yer verilib.
   Bundan əlavə, Forumda BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birgə “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda xüsusi plenar sessiya keçirilib. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
   Vurğulandı ki, Forum BMT-nin televiziyasında və saytında canlı yayımlanıb. 25 milyonadək insan canlı olaraq Forumu izləyib.
   Mərasimin sonunda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə verdiyi dəyərli töhfələrə görə bir sıra dövlət qurumlarına, Milli Məclisin deputatlarına, media qurumlarına təşəkkürnamələr təqdim olundu.
   
   Fariz Hüseynov