Azərbaycandan müsabiqəyə təqdim olunan 14 kitabdan 11-i mükafatlara layiq görülüb
5-6 iyun tarixində Moskva şəhərində MDB-yə üzv dövlətlərin XIV Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin iclası keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova iştirak edib.
Bu dəfə müsabiqəyə bütün nominasiyalar üzrə 89 adda kitab təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müsabiqəyə Azərbaycan adından müxtəlif nominasiyalarda iştirak üçün 14 adda kitab göndərilib. Onlardan 11-i müsabiqənin nominasiyaları üzrə müxtəlif dərəcəli diplomlara layiq görülüb.
XIV Beynəlxalq “Kitab sənəti” müsabiqəsində fərqlənmiş kitablar barədə məlumatı təqdim edirik:
“Rasim Əliyev. Xatirələr” kitabı “Qran-pri” nominasiyası üzrə laureat diplomuna layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin nəşri - Şakir Qabıssanlının “Azərbaycan xalçalarının açılmamış sirləri” kitabı “Birlik” nominasiyası üzrə II yeri qazanıb.
“Bakı - tarixin səhifələri” kitabı (müəlliflər Sevda Dadaşova, Elbəy Qasımzadə, Fazil Məmmədov) “Mənim ölkəm” nominasiyası üzrə III yerə layiq görülüb.
Solmaz Amanovanın “İlmənin macəraları” (Azərbaycan, rus və ingilis dillərində) kitabı “Uşaq və gənclər üçün kitab” nominasiyası üzrə 2-ci olub.
Mədəniyyət və Turizm Nazirliyinin daha bir nəşri - “Azərbaycan: doğma diyar. Milli azlıqların V Respublika Festivalının materialları” kitabı “Mədəniyyətlərin dialoqu” nominasiyası üzrə III yerə layiq görülüb.
“Müasir kurort işində quru palçıq formaları” kitabı (F.Əfəndiyeva, F.Balakişiyeva, Ç.Qaşqay, V.Babayev) “Elm və innovasiya” nominasiyası üzrə III yeri qazanıb.
Esmira Fuadın “XX əsr Güney Azərbaycan epik şeiri” kitabı isə “Tədris ədəbiyyatı və təhsil” nominasiyası üzrə 3-cü olub.
Mədəniyyət və Turizm Nazirliyinin nəşrləri - “Rəşid Behbudov. Sönməz ulduz” kitabı “Art kitab” nominasiyası üzrə II yerə, “Molla Nəsrəddin lətifələri” kitabı isə “İllüstrasiya sənəti” nominasiyasında III yerə layiq görülüb.
Gülzar İbrahimovanın “Sirus və Virusun macəraları” kitabı “Birlikdə nəşr olunub” nominasiyası üzrə III yerlə mükafatlandırılıb.
Mədəniyyət və Turizm Nazirliyinin nəşri - Sabir Rüstəmxanlının “İki kəlmə” kitabı “Xüsusi diplom”a layiq görülüb.
Qeyd edək ki, kitablara verilən mükafatlar sentyabr ayında Moskva Beynəlxalq kitab sərgisində Azərbaycan nümayəndə heyətinə təqdim olunacaq. Müsabiqədə qalib gəlmiş 11 kitabdan 5-i Mədəniyyət və Turizm Nazirliyinin nəşridir.