Parisdə Vaqif Səmədoğlunun kitabının təqdimatı keçirilib 
   
   Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycan Evinin birgə təşkilatçılığı və Səməd Vurğunun ev-muzeyinin dəstəyi ilə Xalq şairi Vaqif Səmədoğlunun fransız dilində nəşr olunmuş “Bir gün təbəssüm olmuşdum” kitabının təqdimatı keçirilib.
   Təqdimat mərasimində səfir Elçin Əmirbəyov şairin yaradıcılığından söz açıb. Qeyd edib ki, V.Səmədoğlunun yaradıcılığı sovet dövrünə - yaradıcı insanların düşündüklərini azad ifadə edə bilmədikləri dövrə təsadüf edib. Şeirlərinin birində “Doğuldum 1939-da, 1937-də tutuldum” deyən şair hələ doğumundan əvvəl repressiya yaşadığını söyləyir. Bununla o, 1937-ci il repressiyalarını xatırladır. Vaqif Səmədoğlu ölkəsinin yenidən müstəqilliyə qovuşması arzusu ilə yaşayıb və şeirlərində şifrələnmiş mənalarla bunu ifadə edib. Bir gün onun da ölkəsinin öz rəngi ilə dünya xəritəsinə yazılacağına ümid edirdi. Şair nəinki Azərbaycanın müstəqilliyinin bərpa olunmasını gördü, həmçinin 2000-2005-ci illərdə müstəqil ölkənin parlamentinin deputatı oldu.
   Vaqif Səmədoğlunun “Bir gün təbəssüm olmuşdum” kitabının fransız dilinə tərcüməçisi və redaktoru nəşrin ərsəyə gəlməsindən söz açıb və onun şeirlərini səsləndirib.
   Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova Vaqif Səmədoğlunun yaradıcılığından bəhs edib. Qeyd edib ki, sərbəst şeirə xas olan bir çox özəl keyfiyyətlərin onun poetik təfəkkürünün zənginliyini nümayiş etdirdiyini bildirib.
   Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü Jan-Pyer Allali və tarixçi, şair Payen Appenzeller Azərbaycan poeziya tarixindən danışaraq şairin şeirlərini səsləndiriblər.
   Tədbirin sonunda şairin nəticəsi, gənclər üçün Prezident mükafatı laureatı, Paris Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov fortepianoda Azərbaycan və xarici bəstəkarların musiqilərini ifa edib.
   Tədbirdə iştirak edən UNESCO-nun “Sülh artisti” xanım Hedva Ser AZƏRTAC-ın müxbirinə açıqlamasında bildirib ki, V.Səmədoğlunun şeirlərini dinlədikcə müasir poeziyanın əhəmiyyətini anladıq, hər söz, hər ifadə vasitəsilə şairin sonsuz və dərin daxili aləmi ilə tanış olduq. Şeirləri vasitəsilə şairin incə musiqi duyumu, mötəbər incəsənət xadimi olduğunu gördük.
   Fransız tarixçisi, şairi və yazıçısı Payen Appenzeller qeyd edib ki, eyni əsrdə yaşayırıqsa bir-birimizi tanımadan bir-birimizə çox yaxınıq. Bu gün Azərbaycan şairi V.Səmədoğlunun şeirlərini dinləyəndə sanki qardaşımla görüşdüm. Roman yazanda yazıçı başqasının dili ilə danışır, amma şair öz dili ilə danışır. Şeirdə sual işarəsi çox vacibdir, o, sonsuzluğu göstərir. Şair bu işarə ilə poemanın bitmədiyini bildirir. “V.Səmədoğlunun şeirlərində hər söz, hər ifadə bir tablodur. Onlar şairin mədəniyyətini, tarixini göstərir”, - deyə P.Appenzeller diqqətə çatdırıb.