İyunun 9-da "Mədəniyyət" qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 22 iyul 2013-cü il tarixli sərəncamına əsasən Bakı şəhərində inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə iştirak üçün namizədlərin müəyyənləşdirilməsi ilə bağlı ümumi iclas keçirilib.
İclasda "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri"nin müəyyənləşdirilməsi və sənədlərin qəbulu prosesinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə iştirak edib.
İclasda "Mədəniyyət" qəzetinin baş redaktoru, Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mətbuata hər zaman diqqət və qayğı göstərildiyini deyib, dövlət başçısının müvafiq sərəncamları ilə jurnalistlər üçün yaşayış binalarının inşa edilməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb: "Cənab Prezident hər zaman mətbuatın inkişafına, jurnalistlərə öz dəstəyini göstərib. 2013-cü ildə ilk binada bizim redaksiyanın bir əməkdaşına da mənzil verilmişdi. Mətbuat işçilərinə göstərdiyi bu diqqət və qayğıya görə bütün kollektivimiz adından ölkə başçısına bir daha təşəkkürümü bildirirəm".
Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə mənzil bölgüsü ilə bağlı komissiya tərəfindən müəyyən olunan şərtlər və seçim meyarları barədə danışıb, kollektiv tərəfindən irəli sürüləcək bütün namizədlərə bəri başdan uğurlar arzulayıb. O, dövlət başçısının kütləvi informasiya vasitələrinin inkişafına qayğısından danışaraq deyib: "Bu il Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün ikinci bina istifadəyə veriləcək. Ölkə Prezidentinə minnətdaram ki, şəxsən onun təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin əməkdaşlarına dünyada bənzəri olmayan belə bir şərait yaradılıb".
Daha sonra iclasa sədrlik edən "Mədəniyyət" qəzetinin məsul katibi Fariz Yunisli mənzillərin verilməsi ilə bağlı elan olunan qayda və şərtləri bir daha diqqətə çatdırıb. Kütləvi informasiya vasitələrinin əməkdaşları üçün inşa edilmiş yaşayış binasında mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın 16 may 2017-ci il tarixində elan etdiyi şərtlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması meyarları nəzərə alınaraq, "Mədəniyyət" qəzeti redaksiyasından üç nəfərin namizədliyi irəli sürülüb.
Səsvermə nəticəsində qəzetin üç əməkdaşının namizədliyi təsdiqlənib və sənədlərin hazırlanaraq komissiyaya təqdim olunması qərara alınıb.