Esselər toplusunun təqdimatı keçirilib
İyunun 8-də Bakıda Yunus Əmrə İnstitutunda “Tanpınarı kəşf edirəm” adlı müsabiqədə qalib gəlmiş 5 yazarın esselərinin çap olunduğu “Əhməd Hamdi Tanpınar - məmləkətdən dünyaya” adlı antologiyanın təqdimatı keçirilib.
İnstitutun direktoru İbrahim Yıldırım müsabiqənin çox uğurla keçdiyini bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, layihənin əlaqələndiricisi, yazıçı-publisist Şəhla Aslan, filologiya elmləri doktoru, professor Yeganə Nəhmətulla, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və digər çıxış edənlər iki qardaş xalq arasında mədəni əlaqələrin genişlənməsində belə layihələrin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, yarışma qaliblərinin Türkiyənin 5 şəhərinə səfəri hər iki ölkənin mətbuatında geniş işıqlandırılıb.
Sonda tədbir iştirakçılarına kitablar təqdim olunub.