Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov 26-31 may tarixində Moskvada Rusiya Teatr Xadimləri İttifaqı və Teatr Rejissorları Gildiyasının birlikdə təşkil etdiyi ənənəvi Beynəlxalq rejissor laboratoriyasında iştirak edib. 
   Səfər təəssüratlarını bizimlə bölüşən rejissor bildirdi ki, o, artıq bir neçə ildir Rusiyanın Xalq artisti, M.Qorki adına Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının katibi Rifkat İsrafilovun yaradıcılıq laboratoriyasının üzvüdür. Laboratoriyanın budəfəki müzakirə mövzusu isə “A.P.Çexovun «Üç bacı» pyesi üzərində işləyərəkən tətbiq edilən analiz metodu” barədə olub. 
   Bəhram Osmanov Moskvada Teatr Rejissorları Gildiyasının II Assambleyasında da iştirak edib. Dünya şöhrətli rejissor Yuri Lyubimovun 100 illik yubileyinə həsr edilmiş assambleyada Azərbaycan təmsilçisi «K.S.Stanislavskinin əməli təliminin ünsiyyət problemi» və «2009-2019-cu illər Azərbaycan teatrı - beynəlxalq aləmdə: perspektivlər və araşdırmalar» mövzularında çıxış edib. O, çıxışını əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nümunəsi üzərində qurub, çalışdığı teatrın Rusiyanın müxtəlif teatr kollektivləri ilə yaradıcılıq münasibətindən danışıb. 
   O ki qaldı çağdaş Rusiya teatrlarını narahat edən məsələlərə, Bəhram müəllim dedi ki, müzakirələrdə əsasən konseptual rejissorluğun zəifləməsi ilə bağlı narahatlıqlar dilə gətirilib. Məsələn, vurğulanıb ki, müasir dövrün rejissorları güclü məktəbə malik peşə təhsili alsalar da, işə başladıqda forma ardınca gedərək, məzmunu tamam unudurlar. Müzakirələr zamanı teatrların maddi-texniki bazasının zəif olması, müasir pyeslərin qıtlığı barədə də danışılıb. Son iyirmi ildə Rusiyada üç dramaturgiya laboratoriyasının mövcud olmasına baxmayaraq, Rusiya teatr biliciləri vəziyyəti o qədər də ürəkaçan saymır, həmin pyeslərdə müasir həyatın nəbzinin döyünmədiyindən narahatdırlar. 
   Bəhram Osmanov təəssüratlarını bölüşərkən belə bir fikir də söylədi ki, Rusiya kimi zəngin teatr ənənəsinə və şəbəkəsinə malik böyük ölkədə teatr qayğıları və problemləri ilə müqayisədə müasir Azərbaycan teatrının vəziyyəti yaxşıdır. Rejissor «Azərbaycan teatrı beynəlxalq aləmdə: perspektivlər və araşdırmalar» mövzusunda çıxışından sonra çağdaş milli teatrın durumuna dair suallara cavab verib. 
   Yeri gəlmişkən, Bəhram Osmanov Bakıya qayıtdıqdan bir neçə gün sonra Astanaya yola düşüb. Onun baş rejissor olduğu teatrda quruluş verdiyi Lars Nurenin «Mən gəldim, qızlar» («Müharibə») tamaşası Qazaxıstanın paytaxtında keçirilən ənənəvi «Səhnədən salam» V Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edir. Festival iyunun 17-də başa çatacaq. 
   
   G.Mirməmməd