Ölkəmiz Moskvada beynəlxalq təsviri sənət festivalında təmsil olunub
   
   İyunun 7-dən 11-dək Moskvada, “Manej” Mərkəzi Sərgi Salonunda “Ənənələr və müasirlik” XII Beynəlxalq Təsviri Sənətlər Festivalı keçirilib.
   Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, akademiyanın vitse-prezidenti, SSRİ və Azərbaycanın Xalq rəssamı Tahir Salahov və başqaları iştirak ediblər. 
   Festivalda Azərbaycanı rəssam Rufina Abbasova təmsil edir. Onun əsərləri qrafika ilə rəngkarlığın sintezindən ibarət unikal texnikada yerinə yetirilib.
   Moskva Mədəniyyətin və Müasir İncəsənətin İnkişafına Dəstək İctimai Fondunun prezidenti, festivalın təşkilat komitəsinin sədri və kuratoru Vera Kiselyova bildirib ki, festivalın əsas ideyası müxtəlif istiqamətlərdə və janrlarda işləyən rəssamları bir sərgi məkanında toplayaraq, dünya incəsənətinin bütün palitrasını nümayiş etdirməkdir. Bu il festivalda Azərbaycan, Anqola, İsrail, ABŞ və Böyük Britaniyadan 300-dən çox iştirakçı öz əsərlərini nümayiş etdirib. 
   Beynəlxalq festival UNESCO-nun himayəsi və Rusiya Mədəniyyət Nazirliyinin, “Sərhədsiz dünya” Beynəlxalq Fondunun, Moskva hökuməti və Moskva Şəhər Mədəniyyət Departamentinin dəstəyi ilə keçirilir.