Kino tariximizdən
   
    Dahi bəstəkar, müqtədir musiqişünas, yazıçı, alovlu publisist, ictimai xadim, maarifçi, görkəmli pedaqoq... Bu, Üzeyir Hacıbəyli yaradıcılığı şaxələrinin heç də tam siyahısı deyil. Onun zəngin musiqi və ədəbi irsi Azərbaycan mədəniyyətinin tükənməz xəzinəsidir, xalqımızın mənəvi sərvətidir. Bu irs bir məktəbdir - möhkəm özüllər üzərində qurulmuş zəngin bir məktəb.
   
   Milli operamızın, operettamızın, simfonik, xor, kamera və vokal musiqimizin banisi olan Üzeyir Hacıbəyli milli kinomuzun da yaradıcılarından olmuşdur. Təsadüfi deyil ki, XX əsrin əvvəllərində, “səssiz filmlər” çəkilən zaman Azərbaycanda film çəkmək istəyən rejissorların müraciət etdikləri ilk əsərlərdən biri məhz “Arşın mal alan” idi. 1913-cü ildə operetta kimi yazılan və böyük uğurla tamaşaya qoyulan “Arşın mal alan” ilk dəfə kinoya da qədəm qoydu.
   Kinotexnikanın bugünkü inkişafı mövqeyindən yanaşanda adama elə gəlir ki, musiqili komediyanın səssiz ekrana çıxarılmasına cəhd göstərilməsi sadəlövhlükdür. Lakin bu faktın özü kinomuzun təşəkkül tapmasında, ədəbi əsərin ekran üçün ilk dəfə alınmasında göstərilən səyləri təsdiq edir.
   “Arşın mal alan” filmi 1916-cı ildə çəkilmişdir. Film 7 hissədən ibarət idi. O vaxtlar Bakıda fəaliyyət göstərən “Filma” Səhmdar Cəmiyyətinin rejissoru Boris Svetlov çəkilişlərə tanınmış səhnə aktyorlarını - Hüseynqulu Sarabskini (Əsgər), Ələkbər Hüseynzadəni (Sultan bəy), Mirzəağa Əliyevi (Süleyman), Əhməd Ağdamskini (Gülçöhrə), Yunis Nərimanovu (Gülcahan, titrdə belə yazılıb), Aleksandra (Asya) və Yevgeniya (Telli) Olenskaya bacılarını dəvət etmişdi.
   Ötən əsrin əvvəllərində azərbaycanlı qadın aktrisaların olmaması bu filmin çəkilişində də özünü göstərmişdi. Filmdə qadın rolları ya qeyri-azərbaycanlılara, ya da kişi sənətçilərə həvalə olunmuşdu. Əslində rejissor Bakıda fəaliyyət göstərən rus teatrından qeyri-millətlərdən olan aktrisaları dəvət edə bilərdi. Çünki film səssiz idi, dialoqlar titrlər vasitəsilə verilirdi. Lakin rejissor B.Svetlov “Arşın mal alan” operettası ilə tanış olmaq üçün teatra gedir. Tamaşada rolları ifa edən aktyorlar, o cümlədən qadın rollarının ifaçıları rejissorun o qədər xoşuna gəlir ki, bütün truppanı filmdə çəkməyə qərar verir.
   Film ilk dəfə 1917-ci il yanvarın 3-də Bakıdakı “Forum” kinoteatrında nümayiş etdirilir. Səssiz olduğuna görə onun təsir gücü az idi. Əsər ekran üçün işlənərkən öz gözəlliyini, təravətini və bədii qiymətini xeyli itirmişdi. Buna görə də, salonda yerləşdirilmiş xalq çalğı alətlərinin müşayiəti ilə operettadan musiqi parçaları çalınır, Cabbar Qaryağdıoğlu və digər xanəndələr ariyalar ifa edirdilər. Tamaşaçılar filmə böyük maraq göstərirdilər. Bununla belə filmin keyfiyyəti Üzeyir bəyi və əsas rollarda çıxış edən aktyorları narazı salmışdı.
   O dövrün mətbuatında - “Sovqat” qəzetində belə bir məlumat dərc edilmişdi: “Bakı. “Forum” teatrı tərəfindən müsəlman həyatından alınmış “Arşın mal alan” adlı komediya tamaşaya qoyulmuşdur. Bu komediya qoyulduğu gün Şalyapinə (məşhur rus müğənnisi Fyodor Şalyapinin konsertinə - red.) bilet almaq üçün olan növbə bunun yanında müqayisə ediləcək bir şey deyildi. Bu qədər böyük müvəffəqiyyətə baxmayaraq, əsərin müəllifi ilə bu filmi çəkənlər arasında olan narazılıq üstə film ekrandan götürüldü. Bizə verilən xəbərlərə görə, bu film yenidən çəkiləcəkdir”.
   Filmin nümayişinin dayandırılması ilə əlaqədar “Forum” kinoteatrının müdiriyyəti “Kaspi” qəzetində geniş elan dərc etdirmişdi. Elanda yazılmışdı: “Forum” teatrının müdiriyyətindən. Hər cür dedi-qoduya yol verməmək üçün “Forum” teatrının müdiriyyəti bildirir ki, “Arşın mal alan” filmi heç də onun günahı üzündən ekrandan çıxarılmamışdır. Müdiriyyət filmi cənab Belyakovun kinematoqrafik lentlərinin prokat kontorundan almışdır. Müdiriyyətin belə halda və ümumiyyətlə, filmin müəllif hüququna heç bir dəxli yoxdur. Teatrlar filmləri prokat kontorlarından əldə edirlər. Bu kontorlar müəllif hüquqları ilə əlaqədar nə varsa, hər barədə hökumət və müəlliflər qarşısında cavabdehdirlər. Beləliklə, bu halda “Forum” teatrının müdiriyyəti təsadüfən ziyan çəkən tərəf olmuşdur. Mövcud işlə bağlı maddi zərərə düşərək müdiriyyət ona görə heç cür mənəvi məsuliyyəti öz üzərinə götürə bilməz. Hörmətlə, “Forum”un müdiri A.İ.Andreyev.”
   Buna baxmayaraq, film sonradan bütün Qafqazda nümayiş etdirilmiş, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdı. Və yenidən Bakı tamaşaçılarının mühakiməsinə verilmişdi. Bununla əlaqədar, “Kaspi” qəzetinin 1917-ci il 20 aprel tarixli sayında xəbər verilmişdi ki, 4 hissədən ibarət “Arşın mal alan” komediyası Bakının Malıy teatrında aprelin 20-dən 22-dək göstəriləcək və filmi Şərq musiqi orkestri müşayiət edəcəkdir. Bu film Ü.Hacıbəylidən gizli surətdə müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə gah 7, gah da 4 hissədə nümayiş etdirilmişdir.
   4 hissədən ibarət olan “Arşın mal alan” filminin hər hissəsinin öz adı var idi: “Cavan Əsgər ilə Vəlinin macərası”, “Gəlin seçmək”, “Arşın mal alan”, “İkisi axtardı, dördü evləndi”. Bu variant nümayiş etdirilməzdən əvvəl 1-ci seansların bütün biletləri bir neçə saat ərzində satılıb qurtarmışdı. Bundan xəbər tutan Ü.Hacıbəyli rəsmi dairələrə müraciət edərək, öz müəlliflik hüququ ilə bağlı etirazını bildirdi və müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Məsuliyyətdən yaxa qurtarmaq istəyən sahibkarlar “film yandı” deyib onu Bakıdan çıxartdılar.
   Hadisədən bir neçə gün sonra Aşqabadda “Modern” kinoteatrında “Arşın mal alan” filminin göstəriləcəyi yerli qəzetlərdə xəbər verildi. Müəllif xəbər tutmağa macal tapmasın deyə “yalnız bircə gün nümayiş etdirildiyi üçün seans gündüz saat 4-də başlanacaqdır” sözləri də elana əlavə edilmişdi.
   Film Aşqabadda bircə gün göstəriləndən sonra Orta Asiyanın başqa yerlərinə aparıldı. Sonralar elə həmin şəraitdə Tiflis, Gəncə və başqa şəhərlərdə göstərildiyini qəzet elanları xəbər verirdi. 1918-ci ildə Üzeyir Hacıbəylinin İrana getdiyini bilən sahibkarlar filmi Bakıda da göstərdilər...
   Haşiyə. Sovet dövründə “Arşın mal alan” operettası iki dəfə lentə alınmışdır: Birinci dəfə 1945-ci ildə, ikinci dəfə 1965-ci ildə. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı adlandırılmışdır - A.K.) layiq görülmüşdür. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından “100 sevimli film” seçilmişdir. Həmin filmlər üç hissəyə - Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilmişdir.
   “Arşın mal alan” 1937-ci ildə Amerikada ermənilər tərəfindən də çəkilib. Film ekranlara həmin il martın 5-də buraxılıb. Filmin rejissoru və Əsgər rolunun ifaçısı Setraq Vartiyan idi. Titrlərdə Ü.Hacıbəylinin adı yox idi. Bunun əvəzinə isə yazılmışdı: “Şərq əfsanəsinin motivləri əsasında”.
   50-ci illərdə Los-Ancelesdə erməni dilində tamaşaların birində rejissor S.Vartiyan Ü.Hacıbəylinin müəllifliyini qeyd etmişdi, lakin proqram və afişada “Arşın mal alan” erməni operettalarının kralıdır” sözləri çap olunmuşdu. Göründüyü kimi, ermənilər nəinki bizim mahnıları, digər mədəni irs nümunələrimizi, həm də tamaşalarımızı öz adlarına yazmaqdan çəkinməyiblər.
   95 yaşı tamam olan “Arşın mal alan” filminin ilk variantının başına gələn əhvalatlar bunlardan ibarətdir.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar