Bu il yarışları izləmək üçün gələcək əcnəbi turistlərin sayı daha çox olacaq
   
   İyunun 23-dən 25-dək Bakıda Formula-1 Azərbaycan Qran-prisi keçiriləcək. Yarışmanın başlanmasına bir həftə qalmış trek və trek ətrafında hazırlıq işləri yekunlaşmaq üzrədir. Komandaların avadanlığı artıq Bakıya gətirilir.
   “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, yarışla bağlı bütün tikinti işləri yekunlaşmaq üzrədir. Tribunalar tikilib qurtarıb. Bu il tribunalarla yanaşı, bokslar da tikilib. Korporativ şirkətlərin nümayəndələri yarışa tribunalardan baxmaq istəməsələr, yuxarı hissədəki bokslardan baxa bilərlər.
   BŞH rəsmisi könüllülərin və marşalların təlimlərinin də son mərhələdə olduğunu bildirib. O, keçən illə müqayisədə bu il Formula-1 yarışı ilə bağlı Bakıya gələcək əcnəbilərin sayının iki dəfə çox olacağını vurğulayaraq deyib ki, dekabrdan bilet satışına start vermişik. İlk aylarda biletləri xarici vətəndaşlar intensiv şəkildə aldılar. İndi də xaricdən bilet alanlar çoxdur. Ancaq hazırkı mərhələdə bilet alınmasında Azərbaycan və Rusiya vətəndaşları daha çoxluq təşkil edirlər. İki tribunaya biletlər tam satılıb, bir neçə tribunaya isə tam satılmaq üzrədir.
   N.Arpadarai xatırladıb ki, iyunun 19-dan Bakı şəhər halqası ərazisində yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq və ayın 27-dək Formula-1 həftəsi olacaq.
   Dördgünlük bilet alan tamaşaçıların bulvar ərazisində yerləşən Formula-1 şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-də saat 14:00-dan etibarən icazə veriləcək. İyunun 23-25-də isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər. Formula-1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.
   Azərbaycan mədəniyyəti guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə xalq sənəti nümunələri, o cümlədən xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və oyma sənətinin incəlikləri təqdim olunacaq. Tamaşaçılar burada təşkil olunan atelyelərdə arzuladıqları sənət üzrə öz bacarıqlarını sınaya biləcəklər.