“Festivalda qalib gəlib-gəlməmək vacib deyil. Vacib olan budur ki, 32 xalq teatrı kollektivi öz mövcudluğunu bəyan edib”
   
   İyunun 14-də II Respublika Xalq Teatrları Festivalının bağlanış mərasimi keçirildi. Festivala marağın böyük və həqiqətən də, bölgələrdə teatr həvəskarlarının sayca çox olmasına bundan yaxşı sübut ola bilməzdi: “açıq qapı» prinsipi ilə keçirilmiş final mərhələsinin son gününə təsadüf edən təltif mərasiminin başlamasına 15 dəqiqə qalmış Akademik Milli Dram Teatrının salonunda boş yer yox idi...
   Mərasimin aparıcıları - Əməkdar artist Elşən Rüstəmov və aktrisa Günel Məmmədova hər kəsi salamladıqdan sonra festivala qatılmış kollektivlərin tamaşalarından fraqmentlər əsasında hazırlanmış videoçarx nümayiş etdirildi. Festivalda iştirak etmiş 32 kollektivin oynadığı tamaşaların fraqmenti kollektivin adı ilə birlikdə göstərildiyi üçün izləyicilər də kimləri alqışladıqlarını rahat bildilər. 
   * * *
   Sonra səhnəyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dəvət edildi. Nazir əvvəlcə festival iştirakçılarını salamlamaqla yanaşı, hər kəsi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. Bildirdi ki, II Respublika Xalq Teatrları Festivalının yekun mərasimini belə bir günə salmağımız təsadüfi deyil: “Ona görə ki, bu günü bizə bəxş edən Heydər Əliyev hər zaman milli mədəniyyətin, incəsənətin təbliğinə, inkişafına böyük diqqət və qayğı göstərib, Azərbaycana rəhbərlik etdiyi illərdə həmişə yaradıcı insanların qayğısına qalıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmin siyasəti bu gün uğurla davam etdirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin mədəni-yaradıcı potensialının bütün dünyada təbliği, tanıdılması üçün səylərini əsirgəmir”.
   Əbülfəs Qarayev qeyd etdi ki, başa çatan festivalın əhəmiyyəti böyükdür. 144 yaşına çatmış peşəkar Azərbaycan teatrı da həvəskarların, cəmiyyətin həyatında teatrın rolunu dərk edən ziyalıların təşəbbüsü ilə yaranıb. Azərbaycanın şəhər və rayonlarından 32 həvəskar teatr truppası öz qüvvəsini festivalda sınayırsa, bu, artıq ciddi göstəricidir: “Münsiflər heyətinin mənə məlumat verdiyinə görə, onlar ən müxtəlif tamaşalara, musiqili tamaşadan kukla teatrı tamaşalarınadək fərqli janr və mövzularda səhnə əsərlərinə baxıblar. Festivalda qalib gəlib-gəlməmək vacib deyil. Vacib olan budur ki, 32 xalq teatrı kollektivi öz mövcudluğunu bəyan edib”. 
   Nazir onu da vurğuladı ki, Azərbaycan teatrının çox məşhur simaları məhz xalq teatrından peşəkar səhnəyə gəliblər: “Mən əminəm ki, bu festivalda çıxış etmiş neçə gənc aktyor, rejissor peşəkar teatra gələcək, belə sənət yarışları milli teatrımızın inkişafına təkan verəcək. Mən dövlət teatrlarının rəhbərlərinə üzümü tutub deyirəm ki, xalq teatrlarına kömək edin, istedadları bölgələrdə də axtarın. Bu gün Azərbaycanın bütün bölgələrinə turist axını var. Buna görə də bölgələrdəki mədəni həyatı, xalq yaradıcılığının ən müxtəlif formalarını dəstəkləmək lazımdır”. 
   * * *
   Nazirin çıxışından sonra finalçı kollektivlərin nümayəndələri musiqi sədaları altında səhnəyə daxil oldular. Səhnədəkilərin və salondakıların alqışları altında münsiflər heyəti səhnəyə çıxdı. Münsiflər heyətinin sədri Vaqif Əsədov festivalın seçim turlarında əsl teatr fədakarları, istedad sahibləri ilə qarşılaşdığını, maraqlı tamaşalara baxdıqlarını söylədi. Bildirdi ki, xalq teatrları festivalının muğam müsabiqəsi kimi davamlı olması, yeni istedadların kəşf edilməsi, Mədəniyyət və İncəsənət Universitetinin müəllimlərinin də sonrakı baxışların münsiflər heyətinə daxil edilməsi milli teatr prosesinin xeyrinə olar. 
   Gənc müğənnilərin, rəqs ansamblının çıxışları ilə süslənən təltif mərasimində ən xırda detallar da nəzərə alınmışdı. Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı və Musiqili Teatrın aktyorları bir-bir səhnəyə qalxıb qaliblərə diplom və mükafatları təqdim etdilər. 
   Festivala qatqısı qiymətləndirilənlər isə az deyildi. Bəri başdan deyək ki, finala çıxmış bütün kollektivlərin əməyi xüsusi iştirakçı diplomu ilə qiymətləndirildi. Festivalın ən yaxşı qadın və kişi rollarının ifaçısı, ən yaxşı rejissor işinə görə, eləcə də ən kiçik və ən yaşlı iştirakçı, epizodik rolun ən yaxşı ifaçısı, ikinci dərəcəli qadın və kişi rollarının iki ən yaxşı ifaçısı üçün diplomlar da öz sahiblərinə çatdı. «Ən yaxşı aktrisa» diplomu Günay Qədiməliyevaya (H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı) və Aysel Yusubovaya (Zaqatala Xalq teatrı), «Ən yaxşı aktyor» diplomu Vaqif Məmmədxanova (Xaçmaz Xalq teatrı) və Müqəddəs Yekayevə (Zaqatala Xalq teatrı) verildi. Xaçmaz Xalq teatrının «Diqqət, başlayıram» tamaşasına quruluş verən İlham Tağıyev isə ən yaxşı rejissor kimi fərqləndi. 
   Nəhayət, ən həyəcanlı məqam yetişdi. Münsiflər heyətinin qərarına görə 3-cü yer üçün üç, 2-ci yer üçün iki, 1-ci yer üçün isə bir mükafat təsis edilmişdi. 
   Badamdar qəsəbə Mədəniyyət evinin Xalq teatrı, Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evinin Xalq teatrı, Sabirabad Xalq teatrı III mükafata, Zaqatala Xalq teatrı və Yevlax Xalq teatrı II mükafata layiq görüldülər. I yerin sahibini isə şəxsən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev elan etdi: Xaçmaz Xalq teatrı II Respublika Xalq Teatrları Festivalında qalib oldu. 
   * * *
   İyunun 14-də Akademik Milli Dram Teatrına axışanlar teatrsevərlərdən daha çox, öz iş yoldaşlarının, qohumlarının, yerlilərinin təəssübünü çəkərək, onların uğurunu alqışlamaq üçün gələnlər idi. Amma inanırıq ki, bu sağlam tərəfkeşlik əsl teatrsevərliyə doğru atılan bir addımdır. Çünki bizim öz istedadlarımızı tanımağa ehtiyacımız var. 
   
   G.Mirməmməd