Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tədbiri giriş sözü ilə açaraq bu günün Azərbaycan tarixində yerindən bəhs edib. Vurğulanıb ki, 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməli qoyulub. Ümummilli lider Azərbaycanın mədəniyyətinə, o cümlədən teatr sənətinə daim qayğı göstərib: “Teatr tamaşalarını diqqətlə izləyən Heydər Əliyev sonda səhnə arxasına keçərək hər bir aktyoru ayrı-ayrılıqda təbrik edir, nümayiş etdirilən tamaşanı peşəkar teatrşünas kimi təhlil edirdi. Bu onun Azərbaycan mədəniyyətinə olan böyük sevgisindən, bu mədəniyyətə sonsuz bağlılığından irəli gəlirdi”.
   Xalq artistləri Cənnət Səlimova, Ağaxan Salmanlı, əməkdar artistlər Lətifə Əliyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. 
   * * *
   Milli Qurtuluş Günü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında şəhər İcra Hakimiyyəti və Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir nümayəndəliyi ilə birgə tədbir keçirilib.
   İcra Hakimiyyəti şöbə müdirinin müavini Sahib Əliyev Milli Qurtuluş Gününə gedən tarixi yoldan, ölkəmizin bu yolda üzləşdiyi çətinliklərdən söz açıb.
   Teatrın direktoru Səxavət Məmmədov ulu öndərin hər zaman mədəniyyətin, incəsənətin himayədarı olduğunu vurğulayıb. Bu siyasətin Prezident İlham Əliyevin tərəfindən davam etdirildiyini, mədəniyyət ocaqlarının təmir-bərpasına böyük diqqət ayrıldığını deyən direktor bildirib ki, Mingəçevir teatrı da bu qayğının bariz nümunəsinə şahid olub.
   Tədbirdə Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin ifasında musiqilər iştirakçılara xoş anlar yaşadıb.
   * * *
   Milli Qurtuluş Günü münasibətlə Azərbaycan Turizm və Menecment Universitetində də tədbir keçirilib. 
   Rektor səlahiyyətlərini icra edən Eldar Aslanov çıxış edərək Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında əsaslı dönüş yarandığını deyib. Diqqətə çatdırılıb ki, ümummilli lider hər bir ölkə üçün strateji sahə sayılan təhsilin inkişafına xüsusi qayğı göstərib. 
   İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev, dosent Məhərrəm Zülfüqarlı Prezident İlham Əliyevin ümummilli lider tərəfindən əsası qoyulan strategiyaya sadiq qaldığını vurğulayaraq ölkəmizin dinamik inkişafı istiqamətində qazanılan uğurlardan danışıblar.
   
   Fariz Hüseynov