İyunun 5-dən 8-dək Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının məsul katibi Tahirə Əliyeva və Cəlilabad MKS-nin Uşaq şöbəsinin müdiri Rəna Təhməzova Rusiyanın Nijeqorod vilayətinin Bolşeboldinsk rayonunda ezamiyyətdə olublar. Səfərin məqsədi A.S.Puşkin Dövlət ədəbi-memorial və təbiət muzey-qoruğunda keçirilən “Canlı Puşkin” beynəlxalq aksiyasının final mərasimində iştirak etmək olub. Layihənin əsas məqsədi böyüməkdə olan nəslin görkəmli şairin ədəbi irsinə marağını inkişaf etdirməkdir.
   Aksiyaya 14 ölkədən 50-dən artıq kitabxana qoşulub və münsiflər heyəti Cəlilabad rayon MKS-nin təqdim etdiyi layihəni 5 ən dolğun və maraqlı layihədən biri olaraq qalib elan edib.
   İyunun 6-da A.S.Puşkinin doğum günü münasibətilə müxtəlif nəsillərin nümayəndələri, qonaqların iştirakı ilə şairin muzey-qoruq ərazisindəki abidəsi qarşısında mərasim keçirilib.
   Mərasimdə çıxış edən Tahirə Əliyeva Azərbaycan və Rusiya xalqları arasında sosial və mədəni əlaqələrin tarixi əhəmiyyətindən və bu gün də həmin əlaqələrin daha da inkişafından, iki ölkənin mədəniyyət sferasının bütün sahələrində, o cümlədən teatr, musiqi, muzey və kitabxana işləri ilə bağlı yeni layihələrin ərsəyə gətirilməsindən danışıb. O, həmçinin Azərbaycanda Puşkin yaradıcılığına olan sevgidən bəhs edib, paytaxt Bakıda dahi şairin adını daşıyan küçənin olduğunu, şairin heykəlinin ucaldıldığını diqqətə çatdırıb. T.Əliyeva çıxışının sonunda Puşkinin şeirindən misralar və Mirzə Fətəli Axundzadənin şairin ölümünə həsr etdiyi poemadan bir parçanı söyləyib.
   Tədbirin bədii hissəsində uşaq bağçalarının yetirmələri, məktəblilər, tələbələr, aksiya iştirakçıları şairin əsərlərini ifa ediblər.
   Səfər zamanı Bolşeboldinsk rayonunun mədəniyyət və təhsil ocaqlarının nümayəndələri və “Canlı Puşkin” beynəlxalq aksiyasının iştirakçıları ilə birgə dəyirmi masa təşkil olunub, fikir mübadiləsi aparılıb. Tədbirlərdə aksiya qalibləri, o cümlədən Cəlilabad MKS-nin Uşaq şöbəsinin müdiri R.Təhməzova öz layihəsini təqdim edib. 
   Həmçinin tədbir çərçivəsində müxtəlif ekskursiyalar, mədəni tədbirlər, mədəniyyət müəssisələri ilə tanışlıq həyata keçirilib.
   
   Fariz Hüseynov