İyunun 14-də Mədəniyyət və Turizm Nazirliyi ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında növbəti iki il (2017-2019) müddətinə kollektiv sahə sazişi imzalandı. Sazişi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova imzaladı.
   Mərasimdə çıxış edən Cəmilə Səttarova bildirdi ki, saziş iki ildən bir yenilənir. Ötən iki il ərzində əməkdaşlıq daha da inkişaf edib. Vurğulandı ki, dövlət başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə mədəniyyət sahəsi bu gün özünün yeni inkişaf dövrünü yaşayır: “Mədəniyyət işçilərinə uğurlar arzulayaraq qeyd etmək istərdim ki, məhz son dövrdə bu sahədə aparılan islahatlar yeniliyə, yeni axtarış və nailiyyətlərə yol açıb. Bu yeniliklərdə Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin rolu danılmazdır. Nazirliyin rəhbərliyi tərəfindən atılan hər bir addım bu sahədə çalışan sıravi işçilərə də nümunədir. Hər bir mədəniyyət işçisi vətəninə layiqli xidmət etməyə səy göstərməlidir”.
   Cəmilə Səttarova səmərəli fəaliyyətinə görə təşkilatın xüsusi ordenini nazir Əbülfəs Qarayevə təqdim etdi.
   Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının nazirliklə əlaqələrini yüksək dəyərləndirdi. Bildirdi ki, həmkarlar ittifaqı hər bir kollektivdə işgüzar, səmimi atmosferin yaradılmasına xidmət edən təşkilatdır. Ona görə də daim inkişaf edərək, müasirləşərək öz istiqamətlərini daha da genişləndirməlidir.
   Əbülfəs Qarayev çıxışının sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə gələcək fəaliyyətində uğurlar arzuladı.
   Daha sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşı 2014-2016-cı illərdə iki qurum arasında bağlanmış kollektiv sahə sazişinin icrasında xidmətlərinə görə fəxri fərmanlarla təltif olundular. 
   
   Lalə