Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə Milli kino günləri keçirilir.
İdarədən bildirilib ki, iyunun 14-də Nizami Kino Mərkəzində layihəyə start verilib.
İdarənin rəisi Vuqar Zeynalov çıxış edərək bildirib ki, bu cür layihələrin keçirilməsində əsas məqsəd milli filmləri daha geniş tamaşaçı auditoriyasına təqdim etmək, son illərdə çəkilən, cəmiyyətin sosial həyatını əks etdirən, vətənpərvərlik ruhunda olan filmləri təbliğ etməkdir.
Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva nümayiş olunacaq filmlər haqqında geniş məlumat verib.
Layihənin açılışı 15 İyun - Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyindən ulu öndər Heydər Əliyevə həsr olunmuş “Əbədiyyətə gedən yol” adlı sənədli film nümayiş edilib. Sonra tamaşaçılar bir neçə beynəlxalq mükafatlar qazanmış “Axınla aşağı” milli filminə baxıblar.
Qeyd edək ki, bir ay davam edəcək layihə çərçivəsində Nizami Kino Mərkəzində həftədə 3 dəfə tamaşaçılara “Dərs”, “İçərişəhər”, “Qatil”, “Xeyr və Şərin rəqsi”, “Nabat”, “Yarımçıq xatirələr” və digər milli filmlər təqdim olunacaq. Seanslar ödənişsizdir. Filmlərin seanslarının vaxtını kinoteatrın məlumat mərkəzindən və sosial səhifəsindən öyrənmək olar.