İyunun 14-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş musiqi festivalı çərçivəsində elmi konfrans təşkil edilib.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək C.Hacıyevin zəngin yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi əsərlərdən söz açıb. Qeyd edilib ki, musiqi sənətimizdə simfonizmin banilərindən olan C.Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. “Sülh uğrunda” simfonik poemasında müəllif dövrünün mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Bəstəkar simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. O, simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.
Vurğulanıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış C.Hacıyev peşəkar musiqiçi kadrların hazırlamasında xidmətlər göstərib.
Sonra əməkdar incəsənət xadimlərindən Həcər Babayevanın “Cövdət Hacıyev - böyük insan, qayğıkeş müəllim”, Zümrüd Dadaşzadənin “Cövdət Hacıyevin simfoniyaları XX əsrin simfonik axtarışları kontekstində”, İmruz Əfəndiyevanın “Cövdət Hacıyev haqqında çap edilən elmi-tədqiqat işlərinə bir nəzər”, Nərgiz Şəfiyevanın “Klassik musiqimizin korifeyi - bəstəkar, pedaqoq, ictimai xadim Cövdət Hacıyev” mövzularında məruzələri dinlənilib.
Savalan Fərəcov