Müsabiqə üzrə üç filmin çəkilişi başa çatıb
   
   Ötən il Mədəniyyət və Turizm Nazirliyi gənc kinematoqrafçılara dəstək məqsədilə «Bu meydan, bu ekran» kino layihələri müsabiqəsini keçirdi və müsabiqəyə prodüser mərkəzləri, kino şirkətləri tərəfindən təqdim olunan 51 layihə arasında 3 layihə qalib elan edildi.
    
   Artıq “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin “Gözlərimə gün düşür”, “Sinema evi” MMC-nin “Mənim atam”, “Ayan-Z” MMC-nin “Şəbəkə” filmləri hazırdır. Filmlər Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilib. Yeni ekran əsərləri barədə ətraflı məlumat almaq üçün filmlərin prodüser və rejissorları ilə əlaqə saxladıq.
   
   “Gözlərimə gün düşür” filminin rejissoru Fehruz Şamıyev:
   - Filmin əsas mövzusu Qarabağda doğulmuş və uşaqlıq illərini orada keçirmiş professorun həyatından, onun ömrünün son günlərindən bəhs edir. Öləcəyini hiss edən professor öz ata-baba yurdunda canını torpağa tapşırmaq istəyir. Lakin onun yurd yeri erməni işğalı altındadır. Buna baxmayaraq professor cəbhə xəttini keçərək doğma torpağa gedib çıxır və... orada dünyasını dəyişir.
   Ümumiyyətlə, film süjeti və Qarabağ hadisələrinə yanaşma tərzi ilə bu vaxta qədər çəkilmiş qısametrajlı filmlərdən fərqlənir. Filmin çəkilişləri Şamaxı, Ağsu və Bakıda aparılıb. “Gözlərimə gün düşür” filminin ssenari müəllifləri Elçin Hüseynbəyli, Tünzalə Babayeva, Aygün Aslanlı, bəstəkarı Firudin Allahverdi, rejissor və prodüseri Fehruz Şamıyevdir. Baş rolların ifaçısı Qabil Əliyev (Lənkəran Dram Teatrının aktyoru) və Rauf Şahsuvarovdur (Şuşa Dövlət Musiqili Dram Teatrı).
   
   “Şəbəkə” filminin rejissoru Kəmalə Rzayeva:
   - Filmin əsas mövzusu sevgidir. Hər bir insanın uşaqlıq həyatında baş verənlər onun gələcək həyatında da təsirsiz ötüşmür. Hər kəsin bir sirri olduğu kimi bu filmin də baş qəhrəmanının arzuları və sirri var. Filmin ssenari müəllifi Səbinə Hüseynli, rejissoru Kəmalə Rzayeva, prodüseri Zemfira Babayevadır. Filmin əsas qəhrəmanlarını Xalq artisti Əbdül Mahmudbəyov, Əməkdar artist Mehriban Xanlarova, Dövlət Rus Dram Teatrının aktrisası Həcər Ağayeva, Pantomim Teatrının aktrisası Nargilə Qəribova ifa edib.
   
   “Mənim atam” filminin ssenari müəllifi və prodüseri Elçin Musaoğlu:
   - Film həyat yoldaşını itirmiş və balaca oğlu ilə tək yaşayan jurnalist haqqındadır. Dürüst və vicdanlı bir həyat yaşayan jurnalist bütün çətinliklərə baxmayaraq qələminə xəyanət etmir. Hətta maddi çətinliklər yaşamasına baxmayaraq, ona təklif olunan rüşvətdən imtina edir və övladını böyüdür. Filmin ssenari müəllifi və prodüseri Elçin Musaoğlu, rejissoru Novruz Hikmət, operatoru Mətləb Yaquboğludur. Rollarda Rövşən İsayev, Cavad Abbaslı, Oksana Rəsulova, Teymur Məmmədov çəkiliblər. Onu da qeyd edim ki, “Sinema Evi” prodüser şirkətində çəkilən “Mənim atam” qısametrajlı filmi aprelin 24-28-də İranda keçirilən Kiş Beynəlxalq Film Festivalının müsabiqəsində ikinci mükafata layiq görülüb.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar