Sofiyadakı Etnoqrafiya Muzeyində sərgi açılıb
Sofiyada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin dəstəyi, ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Bolqarıstan Elmlər Akademiyası Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri - Azərbaycan xalq sənəti” adlı sərgi açılıb.
Sərgidə zərgərlik məmulatları, bəzək əşyaları, tikmə nümunələri, Azərbaycanın xalçaçılıq məktəbinin ənənələrini göstərən xalça məmulatları və s. maddi-mədəniyyət nümunələri nümayiş olunur.
Sərginin açılışında muzeyin direktoru Petko Xristov və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış ediblər. P.Xristov bu cür tədbirlərin ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb, sərginin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Xalça Muzeyinə təşəkkürünü bildirib.
Səfir N.Qurbanova sərginin Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu ifadə edib.
Səfir Azərbaycanda xalq yaradıcılığının öz zənginliyi ilə hər zaman fərqləndiyini, Naxçıvan, Mingəçevir, Gədəbəy, Gəncə və digər bölgələrimizdə aşkar olunan sənət nümunələrinin minillərlə yaşı olduğunu diqqətə çatdırıb. Diplomat Azərbaycan xalq yaradıcılığı nümunələrinin Viktoriya və Albert, Luvr, Metropolitan, Vyana, Roma, Berlin, İstanbul, Tehran, Qahirə kimi dünyanın bir çox məşhur muzeylərində nümayiş olunduğunu, eləcə də bu sərgidə təqdim edilən əsərlərin bir çox ölkələrdə sərgiləndiyini diqqətə çatdırıb. Səfir iştirakçıları Azərbaycan xalq yaradıcılığının şah əsərlərini görmək üçün ölkəmizə səfərə dəvət edib.
Sərgidə Azərbaycan xalq sənətinin incəliklərini əks etdirən videoçarx göstərilib, “Avropa 2001” jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışı təqdim olunub.
Açılış mərasimindən sonra qonaqlar Azərbaycanın milli təamlarından dadıblar. Sərgi iyulun 30-dək davam edəcək.