Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Azərbaycan Respublikasının Turizm Şurası yanında Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi qrupu yaradılıb.
İşçi qrupunun yaradılmasında əsas məqsəd hədəf ölkələrlə gediş-dönüş hava nəqliyyatı xidmətləri üzrə liberallaşdırma mexanizmlərinin təhlil olunması, ölkənin aviasiya qanunvericiliyinin zəruri hallarda Avropanın aviasiya qanunvericiliyinə uyğunlaşdırılması, Bakı şəhərinin marketinq və kommunikasiya planı əsasında hədəf ölkələrdən turistlərin həftəsonu Bakıya daha rahat səfərinin təşkili və mövcud uçuş cədvəllərinin optimallaşdırılması və digər mühüm məsələlərin həllidir.
Bununla əlaqədar olaraq, iyunun 19-da qrupun ilk toplantısı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası, İqtisadiyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC və Azərbaycan Konqreslər Bürosunun Şuraya üzv nümayəndələri iştirak edib.
İclası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov açaraq hava nəqliyyatı sahəsində inkişafın ölkəmizə turist axınının davamlılığının təmin edilməsində vacib rolunu qeyd edib, bu sahənin inkişafı ilə əlaqədar təşkilatların birgə fəaliyyəti və məlumat mübadiləsinin əhəmiyyətindən söz açıb.
Görüşdə ölkəmizdə mövcud hava limanlarına yerli və xarici aviadaşıyıcılar tərəfindən edilən uçuşlar, yaxın gələcəkdə fəaliyyətə başlayacaq yeni hava əlaqələri, Avropa İttifaqı ilə Azərbaycan arasında ortaq hava məkanı sazişinin layihəsinin mövcud vəziyyəti və digər məsələlər müzakirə edilib.