Yubiley tədbirləri “Alman birliyi günü” və Almaniya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi ilə bir arada keçiriləcək
   
   İyunun 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib.   
   Söhbət zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli sərəncamının icrası ilə bağlı tədbirlər planı müzakirə olunub.
   Xatırladaq ki, Cənubi Qafqazda alman icmasının məskunlaşmasının (1817) 200 illiyi Azərbaycan, Gürcüstan və Almaniyanın birgə təşəbbüsü ilə UNESCO-nun yubileylər proqramına salınıb.
   Görüşdə cari ilin 19 sentyabr tarixində Parisdə, UNESCO-nun baş qərargahında, 3-4 oktyabr tarixində isə Bakı şəhərində Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirlərinin nəzərdə tutulduğu qeyd edilib. 3-4 oktyabr tarixində Bakıda Almaniyanın dövlət bayramı - “Alman birliyi günü”, həmçinin Almaniya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd ediləcəyi bildirilib. 
   Görüş iştirakçıları hər iki tədbirin əlaqələndirilməsinə dair razılığa gəliblər.