Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi Tvinninq layihəsi çərçivəsində nazirliyin iki əməkdaşı iyunun 5-dən Florensiya şəhərində fəaliyyət göstərən və Vecchio Sarayının idarəetməsinə cavabdeh olan Mus.E Assosiasiyasında təlim-təcrübə proqramında iştirak edir.
“Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Proqrama Tvinninq işçi qrupunun üzvləri - nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun baş məsləhətçisi Nərgiz Abdullayeva və Hüquq sektorunun aparıcı məsləhətçisi Qiyafət Xeyirxəbərli qatılıblar.
Proqram çərçivəsində Toskana regionunun baş ofisində hüquqşünas Roberto Ferrari ilə görüş keçirilib və regionda qəbul olunmuş qaydalar, normativ sənədlər barədə müzakirələr aparılıb. Həmçinin Mus.E Assosiasiyasının müxtəlif ofisləri ilə tanışlıq təşkil olunub. Bundan əlavə, Florensiyada yerləşən Museo Nove Cento, Museo Bardini, Forte Belvedere və digər muzeylərə ziyarət təşkil edilib.
Proqram çərçivəsində Vecchio Sarayının informasiya mərkəzi, bilet ofisi və suvenir-kitab mağazasının işinin qurulmasına dair təlim keçirilib.
Təlim-təcrübə proqramı iyunun 23-dək davam edəcək.